Yaşamaq ümidi...
Qaçqın və məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin həlli ilə bağlı həyata keçirilən tədbirlərin işıqlandırılması
Hemofiliya xəstələri ciddi xəstəlik daşıyıcısı olmasına rəğmən görünüşcə digər insanlardan fərqlənmir. Həyatları bir damla qandan asılı olan hemofiliyalılar vaxtlı-vaxtında aparılan düzgün müalicə ilə ömürlərini uzada bilirlər.
Bu xəstəlik erkən uşaq yaşlarından başlayaraq vaxtaşırı davam edən qanaxma və qansızmalarla müşahidə edilən irsi qan xəstəliyidir.
Hemofiliya xəstəliyi əsasən, qanda 8 və 9-cu plazma faktorunun çatışmazlığından yaranır. Həmin faktorlar qanda laxtalanmanı təmin edən amillərdəndir. Onlar olmadıqda laxtalanma sistemi pozulur və nəticədə qanaxma baş verir. Buna görə də xəstə uşaq adi bir zədədən böyük problemlə üzləşə bilər. Hemofiliyanın daşıyıcıları bu xəstəlikdən əziyyət çəkmirlər. Lakin daşıyıcı valideynlər onu irsi yolla öz övladlarına ötürürlər. Hemofiliya Asiya, Afrika qitəsində, Aralıq dənizi hövzəsində daha çox yayılıb. Xəstəliyin əsas səbəbləri kimi mütəxəssislər yaxın qohumların nikahını, radiasiyalı ətraf mühiti, qida və tütün məmulatlarının təsirini göstərirlər.
Hemofiliya - qanın laxtalanma xüsusiyyətinin pozulması ilə xarakterizə olunan irsi xəstəlikdir. Xəstəlik zamanı oynaqlara, əzələlərə və daxili orqanlara öz-özünə, zədə və ya cərrahi müdaxilə nəticəsində qanaxmalar baş verir. Hətta xırda zədələr nəticəsində hemofiliyalı xəstələrin beyninə və ya digər həyati əhəmiyyətli orqanlarına qan axmasının ölümlə nəticələnməsi ehtimalı yüksəkdir.
Adətən xəstəlikdən kişilər əziyyət çəkirlər, qadınlar isə hemofiliyanın daşıyıcısı kimi çıxış edirlər və xəstəliyə tutulmurlar
Hemofiliyanın ağır formasından əziyyət çəkən xəstələr oynaqlara (hemartroz) və əzələlərə (hematoma) tez-tez qan axması nəticəsində əlil halına düşürlər. Hemofiliya hemostazın plazma həlqəsinin pozulmasından irəli gələn hemorraqik diatezlərə (koaqulopatiya) aid edilir. Hemofiliya X xromosomunda bir genin dəyişilməsi nəticəsində yaranır. Xəstəliyin üç tipi fərqləndirilir (A, B, C). Adətən xəstəlikdən kişilər əziyyət çəkirlər, qadınlar isə hemofiliyanın daşıyıcısı kimi çıxış edirlər və xəstəliyə tutulmurlar. Lakin onlar xəstə oğlan uşaqları və ya daşıyıcı qız uşaqları dünyaya gətirə bilərlər.
İki tip hemofiliya vardır: hemofiliya A və hemofiliya B. Bu adlandırma qanda əskik olan zülala görədir. Hemofiliya A-da faktor 8 zülalı əskikdir. Hemofiliya B-yə görə daha çox müşahidə edilir. Hemofiliya xəstələrinin 80 faizi bu qrupdadır. Faktor 8 zülalının qanda olması lazım hesab edilən miqdarın yarısından aşağı düşməsi nəticəsində hemofiliya yaranır. Nə qədər az olsa, xəstəlik də o qədər şiddətli hesab edilir. Hemofiliya B isə faktor 9 zülalının çatışmazlığından qaynaqlanır. Xəstəliyin klinik əlamətləri hemofiliya A-dan seçilmir.
Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Hemofiliya Mərkəzinin rəhbəri, dosent Elmira Qədimovanın açıqladığı rəqəmlərə görə, hazırda mərkəzdə 1595 xəstə dispanser qeydiyyatındadır. Ölkədə qeydiyyatda olan xəstələrin 21 faizi 1-15 yaşındadır. Ümumi qeydiyyatda olan xəstələrin 98 nəfəri 1-5, 235 nəfəri 5-15 yaşlıdır. Xəstələrin 1051-də hemofiliya A, 139-da hemofiliya B, 210-da Villebrand xəstəliyi var.
İlin sonuna kimi hemofiliyalı xəstələr üçün lazım olan dərmanla bağlı problem həll olunub
Səhiyyə Nazirliyi Aparatının tibbi yardımın təşkili şöbəsinin müdir müavini Nabil Seyidovun sözlərinə görə, hazırda Azərbaycanda 1600-dən çox hemofiliyalı xəstə var: "Onların arasında uşaqlar, böyüklər, qanaxma olmasa da, hər ay iynə inyeksiyası alan da, yalnız il ərzində müəyyən hallarda dərman alması tələb olunan xəstələr də var. Dərman preparatları xəstənin çəkisinə və yaşına uyğun olaraq verilir. Azərbaycanda hemofiliya xəstəliyinin əsas səbəbi qohum nikahlarıdır. Xəstənin çəkisi və yaşı artdıqca dərmanların tələb olunan dozası da artır. Azərbaycanda daha çox "hemofiliya A” və "hemofiliya B” xəstəliyi var. İkisi tamamilə fərqlidir. Birində qanda faktor səkkiz, digərində faktor doqquz çatışmazlığı olur”. Nabil Seyidov bildirib ki, faktor səkkiz çatışmazlığı olan xəstələrin sayı çoxdur: "Bu, xəstələrin 80 faizini təşkil edir.
İlin sonuna kimi hemofiliyalı xəstələr üçün lazım olan dərmanla bağlı problem həll olunub. Hətta yanvarın əvvəllərinə kimi dərmanla bağlı bir problem olmayacaq. 2019-cu ildə laxtalanma faktorlarının iki dəfə artıq gətirilməsi planlaşdırılır”. Nazirlik rəsmisi qeyd edib ki, faktor doqquzla bağlı daha ciddi problem var idi: "Faktor doqquz dünyada az tədarük olunur. Bütün ölkələr əldə etdiyi üçün Azərbaycan kimi kiçik ölkələr onu əldə etməyə çətinlik çəkir. Bununla belə, ölkəyə artıq 50 min vahid laxtalanma faktoru gətirilib. Bu yaxınlarda isə 100 min vahid laxtalanma faktoru Azərbaycana gətiriləcək. Bu da Azərbaycanda yanvara kimi bütün problemlərin həll olunmasına kömək edəcək. Artıq istehsalçılarla danışılıb və gələn il daha çox faktor doqquzun Azərbaycan üçün tədarük edilib verilməsi baş tutacaq”. Nabil Seyidov qeyd edib ki, faktorların paylanmasına nəzarəti gücləndirmək üçün elektron mexanizm də hazırlanıb.
Mən anadan olan illərdə tibbin imkanları indiki kimi yüksək deyildi...
Anadangəlmə hemofiliya daşıyıcısı olduğunu vurğulayan Vüqar ömrünün sonuna qədər də bu xəstəliklə yaşamağı gözə alıb: "Normal həyat yaşaması üçün dərman preparatlarından asılı olmalısan. Mən anadan olan illərdə tibbin imkanları indiki kimi yüksək deyildi, dərman preparatları yox idi. Adi metodlardan, qanın plazmasından almaq metodları ilə hemofiliya xəstələrini yaşadırdılar. Halbuki bu zaman da qan lazım olmayan maddələrlə yüklənirdi. Qəbul edilən zülallar, proteinlər böyrəkdə fəsadlar yaradırdı. Bu gün isə bizim də normal insanlar kimi həyatımıza davam etməyimiz üçün hər cür şərait var”.
Fuad Əsgərov da həyatı boyu hemofiliyadan əziyyət çəkən insanlar arasındadır. Özünün dediyinə görə, həkimlər anasına onu dünyaya gətirməyi qadağan ediblər. Doğulduqdan sonra 17 il yataq xəstəsi olub və bir möcüzə nəticəsində illər sonra ayağa qalxaraq bütün arzularını həyata keçirib. Nə bağçaya gedib, nə də yaşıdları kimi həyətdə futbol oynayıb. Uşaqlıqda ən böyük arzusu qaçmaq olsa da, buna heç vaxt nail olmayıb.
Məhz hemofiliyalıyam deyə aşiq olduğum qızı mənə vermədilər
Üzünə çolaq deyənlərə rəğmən bir an olsun yaşamaq ümidi tükənməyib. Daha doğrusu, təslim olmaq kimi bir şansı olmayıb: "Xəstə yatağında olduğum vaxt gecə yarı bərk susadığımı hiss etdim. Anamı çağırıb əziyyət verməkdən usanmışdım, ayaqlarım isə gipsdə idi. Buna rəğmən zorla mətbəxə keçdim. Su içib yatağa qayıtdım. Amma özlüyümdə bunu bacardığıma inana bilmirdim. Növbəti gecə yenə bunu təkrarladım və kimsə məni qucağına götürmədən, qoluma girmədən yeriyə bildiyimə əmin oldum”.
Hər dəfə bir arzusunu icra edəndən sonra üstündən xətt çəkir ki, 8 yaşında düşündüyü arzu da getdi:
"Mənim donorum atam idi. O mənə qan verən zaman qanına hepatit keçdiyi üçün dünyasını dəyişdi. Buna görə də özümü günahkar hiss edirəm ki, mən ailəmdən çox şey almışam. Məhz hemofiliyalıyam deyə aşiq olduğum qızı mənə vermədilər. Amma indiki həyat yoldaşım bunu bilə-bilə mənimlə evlənməyi gözə aldı. Hemofiliya məhz anadan övladına keçən bir xəstəlik olduğuna görə övladlarım sağlamdır. Daşıyıcı anadan doğulan uşaqları bu xəstəliyi genlərində daşıyır”.
Zamanında onun üçün bir otaqdan digərinə keçmək yuxu kimi görünsə də, bu gün dünyanın 30-dan ölkəsini gəzib: "Turizm məsləhətçisi kimi çalışıram. Zirvəni çox sevirəm və insanlar üçün ən maraqlı, ekstremal yol xəritəsi çəkirəm”.
Yaşadıqlarını digər uşaqlar yaşamasın deyə dostları ilə birlikdə qanvermə aksiyaları keçirir, öz mesajlarını dünya ölkələri ilə bölüşür. Onun ən sevmədiyi söz "əlil”dir. Fiziki məhdudiyyətli sözünü daha məqbul hesab edir.
Hemofiliya dərmanlarının həddindən artıq bahalı olduğunu vurğulayan hər iki müsahib bu preparatları ancaq Dövlət Proqramı çərçivəsində əldə etdiklərini deyib.
Qohum nikahlardan dünyaya gələn uşaqların hemofiliyaya tutulma riski çox böyükdür
Hemofiliyalı Xəstələr Assosiasiyasının sədr müavini Ayaz Hüseynov da son illər qeydiyyatda olan hemofiliyalı xəstələrin sayında xeyli artım müşahidə olunduğunu deyib. Assosiasiyanın sədr müavini deyib ki, bu artıma səbəb laboratoriyalarda qanın laxtalanmaması ilə bağlı dəqiq diaqnozların qoyulmasıdır. Onun sözlərinə görə, əvvəllər laboratoriyalarda hemofiliyanın yoxlanılması üçün qan analizi düzgün aparılmırdı. Həmçinin də pasiyentlər bu xəstəliklə bağlı məlumatsız olduqlarından harada və necə müayinə olunacaqlarını bilmirdilər.
A.Hüseynov hesab edir ki, qohum nikahlardan dünyaya gələn uşaqların hemofiliyaya tutulma riski çox böyükdür: "Biz maarifləndirmə tədbirləri vasitəsilə qohum nikahlarının fəsadlarını insanlara başa salmalıyıq.
Hazırda Azərbaycanda 3 xəstəxanada qanın laxtalanmamasının səbəbini aydınlaşdıran laboratoriya fəaliyyət göstərir. Onlardan biri Bakıdakı Mirqasımov adına Respublika Klinik Xəstəxanasının Hemotologiya şöbəsində, biri Şirvan Rayon Mərkəzi Xəstəxanasında, 3-cü isə Gəncədəki Abbas Səhhət adına 1 saylı şəhər Xəstəxanasındadır. Həmin xəstəxanalarda qanın laxtalanmaması ilə bağlı tam düzgün diaqnoz qoymaq mümkündür”.
Xəstəlik zamanı oynaqlara, əzələlərə və daxili orqanlara öz-özünə, zədə və ya cərrahi müdaxilə nəticəsində qanaxmalar baş verir
Xəstəliyin konkret əlamətlərinə toxunan A.Hüseynov qeyd edib ki, hemofiliya - qanın laxtalanma xüsusiyyətinin pozulması ilə xarakterizə olunan irsi xəstəlikdir. Xəstəlik zamanı oynaqlara, əzələlərə və daxili orqanlara öz-özünə, zədə və ya cərrahi müdaxilə nəticəsində qanaxmalar baş verir. Hətta xırda zədələr nəticəsində hemofiliyalı xəstələrin beyninə və ya digər həyati əhəmiyyətli orqanlarına qan axmasının ölümlə nəticələnməsi ehtimalı yüksəkdir. Hemofiliyanın ağır formasından əziyyət çəkən xəstələr oynaqlara və əzələlərə tez-tez qan axması nəticəsində əlil halına düşürlər.
Bu insanların barmağında cüzi bir kəsik olan kimi çox miqdarda qan itirir, bəzi hallarda onların qanaxmasını saxlamaq mümkün olmur. Hemofiliya elə bir ciddi və ağır xəstəlikdir ki, burnundan qan açılan, diş çəkdirən zaman belə insanlar dünyasını dəyişə bilir. Sevindirici haldır ki, bu xəstəliyin daşıyıcısı olan insanlar dövlətin nəzarətindədir.
Vaxtlı-vaxtında və düzgün müalicə aparılarsa, insan hemofiliya xəstəsi kimi uzun bir ömür yaşaya bilər
Hemofiliyalı xəstələrə dövlət qayğısının və diqqətinin qənaətbəxş olduğunu vurğulayan müsahibimiz hesab edir ki, hemofiliya daşıyıcıları adıçəkilən dərman preparatları ilə pulsuz təmin olunmasa, keçirilən maarifləndirmə tədbirləri heç biri effekt verməz: "Son illər hemofiliyadan əziyyət çəkən insanların müalicəsi istiqamətində mühüm tədbirlər görülüb və görülməkdədir. Görülən tədbirlər nəticəsində hemofiliyalı xəstələrin normal həyat fəaliyyətinin təmin olunmasına, ömürlərinin uzanmasına, bu xəstəlikdən əlillik və ölüm hallarının azaldılmasına nail olunub. Pasiyentlər qan laxtalandırıcı faktor preparatları ilə təmin olunur. Bu dərmanlardan istifadə zamanı müəyyən bir vaxt ərzində qanda laxtalanma gedir, qan sızmaları dayanır. Bu dərman preparatları çox bahalı olduğu üçün dövlət həmin şəxslərin müalicəsini öz üzərinə götürüb, qayğısını onların üzərindən əskik etmir. Hemofiliyalı xəstələr ömürlərinin sonuna qədər bu dərmanlardan istifadə etməlidir. Biz keçirdiyimiz təlimlərdə hemofiliya daşıyıcılarını müntəzəm olaraq maarifləndirir, onlara həmin dərmandan düzgün istifadə etməklə uzun və sağlam bir ömür yaşamağın mümkün olduğunu izah edirik. Vaxtlı-vaxtında və düzgün müalicə aparılarsa, insan hemofiliya xəstəsi kimi uzun bir ömür yaşaya bilər.
Yəni bu xəstəlik daşıyıcılarının heç də hamısı ömrünü yataraq, yaxud da özünü cəmiyyətdən tədric edərək başa vurmur. Onlar arasında dövlət işində işləyənlər, şəxsi biznes sahibi olanlar var. Şəxsən mən özüm də ağır formalı hemofiliyadan əziyyət çəkirəm. Pasiyent Təşkilatları İttifaqının da rəhbəriyəm”.
Şəymən Bayramova
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür