Yaşayan sənət...
“Azərbaycan kinosu 120: tarixi, bu günü və gələcək inkişaf perspektivləri”
Hələ uşaq olarkən bir məqam diqqətimi çəkirdi. Nə üçün hər dəfə "Qayınana”, "Əhməd haradadır?”, "Bizim Cəbiş müəllim”, "Dəli Kür” və s. kimi filmlərimizi eyni maraq, eyni həvəs və həyəcanla izləyirəm? Milli kinomuzun sirri nədir ki, 100 dəfə baxsan belə yenə baxmaqdan doymursan? O zamanlar bunu dərk eləməsəm də, filmlərimizin möhtəşəmliyinin sirrini indi başa düşmək olur. Azərbaycanın kino tarixi olduqca zəngindir. Dövrünün tanınmış aktyor və aktrisaları oynadıqları rolu, obrazı yaşayırdı, daha ürəklə və içdən oynayırdılar. Dedikləri sözlər, davranışlar, yerinə yetirdikləri hər bir hərəkət sanki bir vəhdət təşkil edirdi.
Aktyorlarımızın təbiiliyi, rejissorların özünməxsus iş sərgiləməsi - bütün bunlar bizə milli filmlərimizi sevdirdi. Ona görə də keçmiş filmlərimizə hər baxanda sanki ilk dəfə baxdığımız kimi hisslər yaşayırıq. Bu hissləri bizə yaşadan kinorejissorlarımız, dəyərli sənətkarlarımız olub. Hansı ki onlar heç vaxt unudulmur. Hər nə qədər yeni filmlər ərsəyə gəlsə də, zəngin və keçmiş filmlərimiz həmişə öz möhtəşəmliyini, orijinallığını qoruyacaq.
Kino tariximizin səhifələrinə adı qızıl hərflərlə yazılan aktyor və aktrisalarımızın adını saysaq bitməz. Mədəniyyətimizə böyük töhfələr vermiş dəyərli sənətkarlarımızı Azərbaycan kinosunun 120-ci ildönümü münasibəti ilə elan edilən yazı müsabiqəsində yad eləməyin özü olduqca qürurvericidir. Deməli, 120 illik zəngin tarixi olan kinomuzun əsrarəngiz olmasının arxasında məhz bu şəxsiyyətlərimiz dayanır. Hansı ki, onlar dünyaya bir dəfə gəldi və bundan sonra onların bənzəri heç vaxt olmayacaq. Bəlkə istedadlı rejissorlarımız, aktyorlarımız yenə yetişəcək, amma onlar nə Nəsibə Zeynalova, nə də Lütfəli Abdullayev olacaq.
Kinomuzun inkişafında H.Əliyevin rolu...
Yarandığı gündən insanların dünyagörüşünü formalaşdıran, hər bir xalqın tarixini, milli adət-ənənəsini yaşadan, həyatın bütün sahələrinə nüfuz edən kino sənəti bəşəriyyətin ən böyük kəşfidir. Kino yeganə sənət növüdür ki, özündə mədəniyyətin bir neçə sahəsini birləşdirir. Kinonun bir üstünlüyü də əyaniliyindədir, inandırma gücünə və təsirə malik olmasındadır. Azərbaycan kino sənəti, bütövlükdə, tamaşaçıların estetik zövqü və dünyagörüşünün formalaşdırılmasında mühüm rol oynamış, xalqımızın milli ruhunun qorunub saxlanması işinə xidmət etmişdir. Azərbaycan kino sənətinə yüksək qiymət verən ümummilli lider Heydər Əliyev deyirdi: "Azərbaycan xalqının bir çox nəsilləri kino sənəti ilə tərbiyələnib, kinonun təsiri altında formalaşıb, inkişaf edib və mədəniyyətə qovuşublar... Xalqımızın inkişafı yolunda Azərbaycan kinosunun xidmətləri əvəzsizdir”. Ümummilli liderin ölkəmizə rəhbərliyinin birinci dövründə milli kinonun inkişafına da diqqət və qayğı göstərilmişdir. Həmin dövrdə Azərbaycan kinematoqrafiyası öz imkanlarını artıraraq ciddi sənət nailiyyətləri qazanmışdır. Kinomuzun yeni inkişaf mərhələləri yaşadığı bu illərdə ssenarist, rejissor, operator, rəssam kadrlarının bir neçə nəsli yetişmiş və milli özünəməxsusluğu ilə seçilən koloritli, parlaq ekran əsərləri yaradılmışdır. Azərbaycan kinosu tarixinin əsl yetkinlik dövrü sayılan 1970-1980-ci illərdə kino salnaməmizin unudulmaz səhifələrini təşkil edən, mədəniyyətimizin qızıl fonduna daxil olan tarixi filmlər yaradılmış, digər görkəmli əsərlər ekranlaşdırılmış, müasir mövzulu və sənətkarlıq baxımından diqqətəlayiq filmlər çəkilmişdir. Həmin illərdə Azərbaycanda 110 bədii, 500 sənədli və elmi kütləvi, eləcə də 44 cizgi, 96 nömrə "Mozalan” satirik jurnalı yaradılmışdır. "Bir cənub şəhərində”, "Bizim Cəbiş müəllim”, "Dəli Kür”, "Yeddi oğul istərəm”, "Axırıncı aşırım”, "Nəsimi”, "Dədə Qorqud”, "Babək”, "Nizami” və başqa bədii filmlərimiz bu illərdə istehsal olunmuşdur. Bu filmlərimizi fərqləndirən əsas cəhətlərdən biri də xalqımızın həyatına, başlıcası isə çoxəsrlik tariximizə, adət-ənənələrimizə, milli dəyərlərimizə daha dərindən nüfuz etməsində idi. Azərbaycan kinosu hər zaman fərqliliyi, milliliyi özündə birləşdirib. Hətta sovet rejimində belə filmlərimizdə bizə xas olan dəyərlərimiz elə ustalıqla verilib ki, hər dəfə bu filmlərə baxanda tamaşaçı özü üçün yenilik tapır. Kino tariximiz 1898-ci ildən başlayır. 2018-ci ilin avqust ayında Azərbaycan kinosunun 120-ci ildönümü tamam olur.
Neft Bakısına dair ilk xronikal süjetlərin nümayişi ilə başlayan Azərbaycan kino sənəti təşəkkül tapdığı vaxtdan etibarən böyük inkişaf yolu keçmiş və ötən müddət ərzində xalqın mədəni-mənəvi həyatında özünəməxsus mövqe qazanmışdır. Kino yaradıcılığı işinin uğurlu təşkili sayəsində ölkə kinematoqrafiyası sonralar öz imkanlarını getdikcə daha da artırmış, əldə etdiyi nailiyyətlərlə Azərbaycanın zəngin mədəniyyət salnaməsinə parlaq səhifələr yazmışdır. Peşəkar kadrlar tərəfindən yüksək sənətkarlıqla yaradılaraq Azərbaycan kinosu tarixində xüsusi yer tutan ekran əsərləri əsas etibarilə həmin dövrün məhsuludur.
1990-cı illərdə müəyyən çətinliklərlə qarşılaşmış Azərbaycan kinematoqrafiyasının yeni şəraitdə kino ənənələrimizi qorumaqla yanaşı, öz potensialını gerçəkləşdirməsi, həmçinin modernləşdirilməsi və dünya kino sənayesinə daha sürətli inteqrasiya etməklə səmərəli fəaliyyət göstərə bilməsi istiqamətində bir sıra zəruri addımlar atıldı. Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2008-ci il 4 avqust tarixli Sərəncamı Azərbaycanın kino sənətinin inkişafı baxımından müstəsna əhəmiyyətə malikdir. Azərbaycan filmlərinin son illər beynəlxalq festivallarda fəal iştirakı həmin Dövlət Proqramı çərçivəsində silsilə tədbirlərin müvəffəqiyyətlə icrasının nəticəsidir.
Ümummilli liderimizin kinonun inkişafı üçün gördüyü işlər ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısı 2007-ci il fevralın 23-də "Kino sənətinin inkişafı haqqında”, 2008-ci il avqustun 4-də isə "Azərbaycan kinosunun 2008-2018-ci illər üçün inkişafına dair Dövlət Proqramı” haqqında sərəncamlar imzalamışdır. Dövlət proqramında kinofilmlərin istehsalının artırılması, eləcə də müasir kino avadanlıqları və texnikası ilə təchizat, xarici ölkələrlə birgə film istehsalının genişləndirilməsi, kinoteatrların yenidən qurulması nəzərdə tutulmuşdur. Artıq ölkəmizdə kinostudiyaların maddi-texniki bazaları gücləndirilmiş, yeni filmlər çəkilmiş, kino sənətimiz inkişafın müasir mərhələsinə qədəm qoymuşdur.
Ölümsüz qadın...
Baxdığım filmlərdə müsbət, ya da mənfi obraz olmasından asılı olmayaraq məndə hansısa aktrisaya (aktyora) simpatiyanın yaranması bəlkə də kinonu sevməyimin başlıca səbəblərindəndir. Səhnədəki möhtəşəm duruşu, rolunu lazımlı şəkildə oynaması, təbiiliyi, yüksək aktrisalıq qabiliyyəti dedikdə ağlıma gələn ilk ad Nəsibə Zeynalova olur. Milli qadın obrazlarını onun qədər dəqiq, onun qədər inandırıcı, onun qədər canlı ifa etmək mümkünsüzdür. Onlarla obrazını diqqətlə izləsək və araşdırsaq, Nəsibə xanımın adi bir sözünün belə təsadüfi olmadığının və ümumi sənətkarlıq xüsusiyyətlərini tamamladığının şahidi olarıq. O, tamaşaçını inandırmaq qabiliyyətinə malik idi. Xoşa gəlmək və kimisə güldürmək üçün əldən-ayaqdan getməzdi. Sadəcə, səhnədə yaşayırdı. Onun ifasında mənfi qəhrəmanları da çox sevirik.
Ona görə sevirik ki, o qəhrəmanlar biz özümüzük, bizim yaxınlarımız, əzizlərimizdir. Əlbəttə, Nəsibə xanımın məşhur obrazlarını ayrı-ayrılıqda təhlil etsək, bizə uzun zaman gərək olar. Sadəcə bir fakta nəzər yetirmək kifayətdir. Biz Nəsibə xanımdan heç vaxt keçmiş zamanda danışa bilmirik. Bilməyəcəyik də... Çünki, nə qədər ki, Azərbaycan kinosu var, nə qədər ki, bu dil, bu mədəniyyət var, Nəsibə xanım da var. Bizimlə yaşayır, hiss edir, gülür, güldürür və düşündürür.
Ömrünün 60 ilini teatr və kinoya həsr edən aktrisa yəqin heç fikrinə gətirə bilməzdi ki, ölümündən sonra onu əbədilik gözləyir. Nəsibə xanımın bütün obrazları gözəl idi. Onun "Ögey ana”, "Böyük dayaq”, "Bizim Cəbiş müəllim”, "Qanun naminə”, "Bəyin oğurlanması”, "Danabaş kəndinin əhvalatları”, "Ulduz”, "Yuxu” filmlərindəki obrazlarının hansının daha yaddaqalan olduğunu deyə bilmərik. Baxmayaraq ki, hamısı da epizodikdir, ya da ikinci dərəcəli... Nəsibə Zeynalova teatr kimi kinoya da səmimi gülüş gətirdi və kinoda da əbədi yaşamaq haqqını qazandı.
Rejissorun ən böyük silahı aktyordur...
Azərbaycan kinosunun 120 illik tarixi barədə danışmağın qürurlu və fərəhli olduğunu deyən tanınmış aktyor və kinorejissor Şeyx Əbdül Mahmudbəyov bildirir ki, zəngin tarixi olan kino mədəniyyətini qorumaq hər birimizin borcudur: "Kino ədəbi materialdan başlayır, sintetik bir sənətdir və tək adamın işi deyil. Keçmiş kinolarımızın unudulmamasının əsas səbəbi görülən işlərin peşəkarlıqla ərsəyə gəlməsidir. Çünki kino sənəti mədəniyyətimizin elə bir sahəsidir ki, burda orijinallıq, peşəkarlıq rol oynayır.
Ulu öndərimizin hakimiyyətə gəlişindən sonra Azərbaycan kinosunda intibah dövrü başladı. Çünki H.Əliyevin Azərbaycan kinosuna xüsusi diqqəti və qayğısı var idi. Nəsimilər, Axırıncı aşırımlar, Bir cənub şəhərləri-bütün bunlar böyük öndərin hesabına xilas edildi. İntibah dövrü eyni zamanda gənc kino kadrlarımızın, aktyorlar və rejissorlarımızın formalaşması dövrü idi. Ukraynada, Moskvada, Tiflisdə təhsil alanlar kompleks şəkildə Azərbaycan kino sənətinə lazım olan bütün incəlikləri ortaya qoyurdu”.
Kinomuzun bu günü və gələcək perspektivlərindən danışan Şeyx Əbdül bildirdi ki, əsas məsələ ortaya faydalı, zəngin və peşəkar sənət əsəri qoymaqdır: "Kino sənətinin görünməyən tərəfləri var. Bu sənəti dərindən öyrənəndən sonra istedadlı və peşəkar adamlar kino sahəsinə öz töhfələrini verə bilər. İstedadlı, milli ruhlu, dəyərlərimizi bilən və yüksək peşəkarlığı olan şəxslərin kino sahəsində çalışması lazımdır.
İndiki televiziya filmlərinin, seriallarının əsl kinoya heç bir aidiyyəti yoxdur. Bu, dünya praktikasında olan şeylərdir və pis-yaxşı bizdə də var. Dünya kinosunda seriallar çoxdan yığışdırılıb, çünki vaxtilə dünya kinosu serialları çəkib, sonra da Avropaya ötürüb. Bu amil Avropadan Rusiyaya, Özbəkistana, Qazaxıstana və nəhayət, bizə gəlib çıxıb. Biz də indi bu işlərlə məşğuluq. Aydın məsələdir ki, kinonun sahibi rejissor və rejissorun ən böyük silahı aktyordur. Savadlı və peşəkar kadrların yetişdirilməsi olduqca vacibdir. Çünki peşəkarlıqla yoğrulmayan heç bir iş bəhrə verməz.
Hazırda ölkə başçısı kinomuzun inkişafı üçün hər cür tədbirlər görür. Azərbaycan kinosunun daha da inkişafı üçün dövlət tərəfindən müvafiq vəsaitlər ayrılıb. Çalışmalıyıq ki, bu vəsaitlər lazımlı şəkildə istifadə edilsin ki, mədəniyyətimizin zəngin hissəsini təşkil edən kino sənəti daim yaşasın”.
Kino sənətinə, filmlərimizə maraq bu gün də böyükdür. Çünki hər bir film, yaradılan hər bir ekran əsəri xalqımızın tarixini, mədəniyyətini özündə yaşadaraq gələcək nəsillərə çatdırır.
Yeganə Bayramova
Yazı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi
müsabiqəyə təqdim olunur.