Yeni il qiymətləri “əl yandırır”
Natiq Cəfərli: “Bu yarmarkalarda alıcılar ehtiyaclarını tam ödəyə bilmir”
Yeni ilin yaxınlaşması müxtəlif sahələrdə artıq özünü büruzə verir. Mağazaların, marketlərin vitrinləri yeni illə bağlı cəlbedici reklamlarla bəzədilib. "Yolka”lar da artıq satışa çıxarılıb. Səkilər, gül mağazalarının qarşısı, satış mərkəzləri və nöqtələri satılıq "yolka”larla, "yolka” oyuncaqları ilə doludur. Bayram bazarlığı üçün də hazırlıqlar aparılır. Ənənəvi qaydada yenə də Kənd Təsərrüfatı Nazirliyi satış yarmarkaları təşkil ediləcəyi anonsunu verib.
Ünvanları da göstərib. Amma bu il ötənilkilərdən deyəsən, az ünvanda kənd təsərrüfatı məhsullarının satış yarmarkaları təşkil olunacaq. Paytaxtın 12 inzibati rayonundan yalnız 5-də - Xətai, Nərimanov, Səbail və Binəqədi rayonları ərazisində yarmarkalar təşkil olunacaq və bir də Sumqayıt şəhərində. Nazirliyin bununla bağlı məlumatında qeyd olunur ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı münasibətilə Bakı və Sumqayıt şəhərlərinin əhalisinin kənd təsərrüfatı və ərzaq məhsullarına artan tələbatının daha dolğun ödənilməsi və istehlakçıların seçim imkanlarının artırılması, süni qiymət artımının, möhtəkirliyin qarşısının alınması məqsədilə 24-31 dekabr tarixlərində satış yarmarkaları təşkil olunacaq.
Bu satış yarmarkalarından əhalinin həqiqətən də faydalana biləcəyi isə bir qədər sual altındadır. Çünki onsuz da bazarlarda qiymətlər "əl yandırır”. Nazirlik tərəfindən təşkil olunan yarmarkalarda isə qiymətlər nisbətən ucuz olsa da, tərəzi yenə öz "işini görür”. Məhsulu ucuz qiymətə satmağa məcbur olanlar mənfəət əldə etmək üçün çəkini "əyirlər”. Belədə qiymət yenə baha gəlir. Fərq etməz ki, tutalım, marketlərdə, şəhər bazarlarında bananın kiloqramı 2 manat 50 qəpikdir, yarmarkada isə 2 manatdırsa, 2 manata 1 kiloqram əvəzinə 800 qram məhsul çəkilirsə, daha bunun harası faydalı oldu?! Digər tərəfdən, əhali çox zaman yarmarkaya çıxarılan məhsulların keyfiyyətindən də narazılıq edir. Belə deyirlər ki, harda çürük-mürük, vaxtı ötmüş, büzüşmüş meyvə-tərəvəz var, yarmarkaya gətirirlər, almağa fərli bir şey də tapmırsan, ad da olur ki, ucuz satış təşkil edilib.
İqtisadçı Natiq Cəfərli Azərbaycanda bayram bazarı ilə bağlı pis ənənə yarandığını bildirdi:
- Həmişəki kimi bayramqabağı bazarda qiymət artımı hiss olunur. Xüsusən də ərzaq məhsullarının qiymətində. Aşkar görünür ki, ötən ayla müqayisədə qiymətlərdə artım var. Bayramqabağı bizdə həmişə belə olur. Amma bu dəfə qiymət artımının 3 səbəbi var. Birincisi, əlbəttə ki, ölkədə formalaşmış pis bir ənənədir ki, bayramqabağıdırsa, qiymətlər mütləq qalxmalıdır. İkinci səbəb, mövsümlə bağlıdır. Bu da ənənəvidir. Üçüncü səbəb isə, bildiyimiz devalvasiyadır. İş adamları, sahibkarlar ölkəyə yeni məhsul gətirdikcə, qiymətləri də qaldırmağa məcburdurlar. Başqa ölkələrdə isə bayramqabağı tamam fərqli vəziyyət olur. Bayramqabağı adətən qiymətlərdə endirimlər edilir, məxsusi endirim kampaniyaları təşkil edilir. Əhali bəlkə də bir il gözləyir ki, Yeni il yaxınlaşsın və bayram öncəsi satış mərkəzlərində həyata keçiriləcək endirim kampaniyalarından bəhrələnsinlər. İnsanlar ən zəruri malları məhz yeni il öncəsi almağa üstünlük verirlər, çünki məhz bu zaman ucuzluq olur. Amma bizdə vəziyyət tamam əksinədir. Tələbatın artdığı nəzərə alınmayaraq qiymətlərdə bahalaşma gedir. Əslində isə, tələb təkliflə bir addımlamalıdır. Tələbat varsa, ölkəyə daha çox mal gətirilməsinə şərait yaradılmalı və nəticədə qiymətlərin ucuzlaşmasına nail olunmalıdır. Məsələn, elə ölkələr var ki, bayram öncəsi gömrük rüsumlarında endirim edir və bununla da ölkəyə daha çox mal gətirilməsini təmin edirlər. Bizdə belə deyil və ona görə də hər dəfə bayram öncəsi bazarlarda qiymət artımının şahidi oluruq. Doğrudur, hökumət bayram yarmarkaları təşkil edir, yarmarkalara bol çeşiddə məhsulların çıxarılmasına çalışır, amma bilirik ki, bu yarmarkalarda alıcılar ehtiyaclarını tam ödəyə bilmir. Bəzən ucuz, lakin keyfiyyətsiz məhsullar satışa çıxarılır. Bəzən də yarmarkadakı qiymətlərlə digər bazarlardakı qiymətlər arasında elə də böyük fərq olmur.
İqtisadçı hesab edir ki, Kənd Təsərrüfatı Nazirliyi satış yarmarkalarında vəziyyətə ciddi nəzarət etməlidir. Bu, heç də o demək deyil ki, fermer min bir əziyyətlə yetişdirdiyi məhsulu ucuz qiymətə satmağa məcbur edilsin. Sadəcə, bazarlarda bolluq yaradılmasına çalışılmalıdır, fermerin bazara məhsul çıxarmasına imkan yaradılmalıdır. İqtisadiyyatın qızıl qanunu budur ki, nə qədər çox seçim varsa, qiymətlər bir o qədər ucuz olur.
Məlahət Rzayeva