Amma yazarlar hesab edir ki, bəzən elə məqamlar olur ki, bunu “telefon jurnalistika”sının köməyi ilə etmək olmur
Zaman itmir, həm də operativlik var
Mobil rabitə jurnalistlərlə müsahiblərin arasındakı məsafəni çox azaldıb
Amma yazarlar hesab edir ki, bəzən elə məqamlar olur ki, bunu “telefon jurnalistika”sının köməyi ilə etmək olmur
Amma yazarlar hesab edir ki, bəzən elə məqamlar olur ki, bunu “telefon jurnalistika”sının köməyi ilə etmək olmur
(... əvvəli ötən sayımızda)
Dünyada mobil rabitədən istifadə günü-gündən kütləviləşir. Bu proses isə təbii olaraq həm mobil rabitə operatorları arasında rəqabəti gücləndirir, onları daha müasir texnologiyaların tətbiqinə sövq edir, həm də bu kütləvilik mobil rabitənin tətbiqi sahələrinin artmasına yol açır. Bu baxımdan sözügedən avadanlıqlar media üçün də geniş imkanlar vəd edir.
Qeyd edək ki, ilin-günün bu çağında da Azərbaycanda sovet nostalgiyası ilə yaşayan insanlar var. Zəmanənin korlanmasından giley-güzar edən bu insanlar fürsət düşdükcə, o dövrün qayğısız günlərindən ağızdolusu danışırlar. Amma nostalgiya özü ilə heç də həmişə şirin xatirələr gətirmir. Məsələn, yaşlı nəsil nə qədər cəhd etsə də, günümüzün gənclərini ən azı, texnologiyanın sürəti baxımından təəccübləndirə bilməz. Çünki bir vaxt onlara xəyal kimi görünən, əlçatmaz sayılan bu günün insanları üçün həyat tərzinə çevrilib. Bəlkə o vaxt heç kim təsəvvür belə etməzdi ki, bir gün sovetin "baraban” telefonlarını ovuc içinə sığan mobil telefonlar əvəz edəcək.
Bir vaxtlar jurnalistin ayrılmaz parçası onun mürəkkəbli qələmi idisə, indi bu vacibatların ön sırasında mobil telefon gəlir. Bu gün heç bir media orqanı xəbəri anında ötürən bu aparatlar olmadan işini qura bilməz. Bircə mobil telefon bəs edir ki, hadisə yerindən operativ qaydada həm səsli, həm foto və ya videogörüntülü xəbər ötürəsən. Yəni məşhur məsəldə olduğu kimi, bir gülləyə iki yox, daha çox dovşan vura bilərsən. Təki "silahın” daim səninlə olsun.
Bu baxımdan həm radio, həm televiziya, həm qəzet, həm də internet jurnalistikası mobil rabitənin imkanlarından özünə lazım olan formada istifadə edir. Azərbaycan mediası, bütün ölkə vətəndaşları kimi, mobil rabitənin imkanlarından 90-cı illərin ortalarından istifadə etməyə başlayıb. O vaxta qədər jurnalistləri informasiya sahibi ilə calaşdıran ya ənənəvi telefon aparatları idi, ya da jurnalistin öz ayaqları. Yəni xəbər sahibini telefonla tapa bilməyəndə, ən kiçik məlumatı öyrənmək və ya dəqiqləşdirmək üçün öz ayağınla xəbərin dalınca getməli olurdun. Maraqlıdır, mobil rabitənin bu imkanlarına jurnalistlərin münasibəti necədir. Media nümayəndələri mobil telefonların imkanlarından istifadənin faydalı, yoxsa zərərli tərəflərinin daha çox olduğunu düşünür?
Bir çox funksiyaları özündə birləşdirən müasir mobil telefon jurnalistlər üçün əlverişlidir
"Kaspi” qəzetinin əməkdaşı, jurnalist Rufik İsmayılov da jurnalistlərin mobil telefondan istifadəsinə tam normal baxdığını deyib. Onun sözlərinə görə, mobil telefonlar insanlar arasında, o cümlədən jurnalistlərlə müsahibləri arasındakı məsafəni azaldıb ki, bu da bizim işimizin xeyrinədir:
"Demək olar ki, əksər müsahibə və açıqlamalarımı, münasibətlərimi mobil telefon vasitəsilə əldə edirəm. Eləcə də xarici ölkədə yaşayan ekspert, deputat və sairlərlə ünsiyyəti də mobil telefon vasitəsilə qurmaq mümkün olur. Düzdür, elektron poçt və sosial şəbəkə vasitəsi ilə də yazılı şəkildə müsahibə və ya açıqlama almaq mümkündür. Amma bu, müsahiblə canlı bağlantının, birbaşa ünsiyyətin effektini vermir. Yazılı şəkildə alınan müsahibə və açıqlamalar bəzi hallarda quru, şablon xarakter daşıyır ki, bu da effekt vermir. Digər tərəfdən, müsahiblərin də öz işi-gücü var. İndi o dövr deyil ki, onlar yalnız bir ünvanda olsunlar və axtardığın zaman həmin şəxsləri o ünvanda tapasan, yanına gedib lazım olan informasiyanı alasan. Amma mobil telefon hər kəsin üzərində olur deyə, asanlıqla müsahiblərimizlə ünsiyyət qura, zəruri məlumatları əldə edə bilirik”. Həmkarımızın sözlərinə görə, müasir mobil telefonlar internetə çıxış imkanı, foto və video çəkmək funksiyası baxımından da kifayət qədər əhəmiyyətlidir: "Hər hansı jurnalist "vord” proqramı olan telefonu ilə iştirak etdiyi mətbuat konfransından birbaşa material işləyib, tədbirdən şəkil çəkib operativ xəbər kimi redaksiyaya göndərə bilər. Eyni zamanda telefonun diktofon funksiyası da jurnalistin işinə yarayır. Göründüyü kimi, bir çox
funksiyaları özündə birləşdirən müasir mobil telefon jurnalistlər üçün əlverişlidir. Ona görə də müasir dövrdə jurnalisti kompütersiz, sosial şəbəkədən istifadəsiz, mobil telefondan yararlanmayan təsəvvür etmək qeyri-mümkündür. Mobil telefon sözün əsl mənasında həyatımızın bir parçasına çevrilib”.
Jurnalistlərin mobil telefonlardan istifadəsi çox vacib və əhəmiyyətli məsələdir
"Gündəlik Teleqraf” qəzetinin əməkdaşı, jurnalist Bəxtiyar Məmmədli isə mobil telefonlardan istifadənin informasiyanın hazırlanması prosesində jurnalistlərin işini asanlaşdırdığını deyib:
"Jurnalistlərin mobil telefonlardan istifadəsi çox vacib və əhəmiyyətli məsələdir. Fakt odur ki, mobil rabitə şəhər telefonlarından istifadəni minimuma endirib. Yəni, əgər dünənədək hansısa jurnalistin suallarını cavablandırmaq üçün mütləq müsahib şəhər telefonunun, belə desək, yanını kəsdirməli idi. Ancaq buna indi ehtiyac qalmayıb. İstədiyin zaman mobil telefon ilə müsahibinlə əlaqə saxlayıb, onun fikirlərini öyrənə bilirsən”. Bununla belə B.Məmmədli mobil telefonların insan sağlamlığı üçün ziyanlı olma məqamını da xatırlatmağı unutmayıb. Onun sözlərinə görə, tək jurnalistlər üçün deyil, hər kəs üçün mobil telefonlardan hədsiz istifadə risklidir: "Mütəxəssislərin fikrincə, mobil telefona zəng gəldikdə şüalanma bir neçə dəfə artır ki, bu, insana mənfi təsir göstərir. Həmçinin, qeyd olunur ki, mobil telefonu 15 dəqiqədən artıq qulağa sıxılmış vəziyyətdə saxlamaq olmaz. Belə
olan halda sual yaranır: Bəs jurnalistlər nə etməlidir? Təbii ki, jurnalistlər məhz bədənindəki radiasiyanın səviyyəsini tibbi müayinələr vasitəsilə bilməli və müalicə olunmalı və ya istirahət etməlidir. Amma təəssüflər olsun ki, indiki məqamda bu mümkün deyil”.
Telefon operativlik, mobillik naminə xəbər, məlumat, açıqlama üçündür
"Həftə içi” qəzetinin əməkdaşı Naibə Qurbanovanın sözlərinə görə, medianın işi həm də operativ, dəqiq məlumat çatdırmaqdırsa, burada mobil telefonun ziyanı yox, faydasından danışmaq daha məqbuldur:
"Məlumatı hansı formada çatdırmaq isə telefonun yox, jurnalistin işidir. Yəni oxucu üçün fərqi yoxdur ki, məlumat telefonla alınıb, yoxsa üz-üzə, göz-gözə formasında.
Amma bu qaydalar müsahibə janrı üçün deyil. Çünki elə suallar və məqamlar var ki, onları "telefon jurnalistikası” ilə əldə etmək mümkünsüzdür. Peşəkar jurnalist ənənələrini bir kənara qoysaq belə, müsahibini daha yaxından tanımaq, eyni zamanda qarşı tərəfin də onu tanıması üçün canlı ünsiyyət şərtdir. Bu, jurnalistin sonrakı fəaliyyətində ona gərəkli olacaq bir nüansdır. Telefonda biz müsahibin hiss-həyəcanını, hansı sualın onu "tərpətdiyini” və yaxud hansısa sualdan yayındığını hiss etməyə bilərik, amma üz-üzə görüşdükdə bunları nəinki hiss edirsən, həm də görürsən. Ümumiyyətlə, jurnalistin "görünməsi” yaxşı haldır. Jurnalist özünün də iştirak etdiyi yazılarda daha keyfiyyətli iş ortaya qoyur. Telefon operativlik, mobillik naminə xəbər, məlumat, açıqlama üçündür”.
Jurnalistlər daha asan və sadə üsulla, qısa və sürətli xəbər formasına yönəlir
Faktor.az saytının baş redaktoru Əziz Əlibəyli isə texnologiyaların medianın ayrılmaz hissəsi olduğunu deyib. Xüsusilə, onlayn medianın əsas uğuruna görə, mobil əlavələrə minnətdar olmalıyıq:
"Bu tətbiqlər sahəsində həm, sürətli xəbər axınını təmin etmək, həm operativ olmaqla oxucu da toplamaq olar. Ən sonuncu nailiyyət isə bunun mobil əlavələr vasitəsilə biznes oyununa çevirmək də maraq yaradır. Qaldı mobil telefon jurnalistin iş münasibətinə. Burda açıq demək lazımdır ki, problem bu iki tərəfin heç birində deyil, uzun yazılar oxunmur, təhlillər az oxucu sayı yığır, o formalara müraciət edən müxbir sayı azalır, nəticədə ortaya indiki durum çıxır. Jurnalistlər daha asan və sadə üsulla, qısa və sürətli xəbər formasına yönəlir. Nəticədə isə sadəcə texnika iş icraçısına çevrilir və insan faktorunun əhəmiyyətinin əmsalı minimuma düşür. Bu zaman da tənbəl jurnalist anlayışı yaranır, standart müxbir ordusu formalaşır, yaradıcılıq fəaliyyəti yoxa çıxır. Bu isə mənfi haldır”.
Təcili xəbər olanda da elə telefonla yazıb, telefonla da saytda yerləşdirirəm
Özünün də mobil telefonların - smartfonların imkanlarından yararlandığını vurğulayan "Bakı Post” saytının baş redaktoru Elçin Məlikli mobil telefonların işini xeyli asanlaşdırdığını deyib: "Əvvəla, sayta hər an nəzarət edirəm. Lazım olan anda admindən istədiyim düzəlişləri edirəm. Bundan əlavə, təcili xəbər olanda da elə telefonla yazıb, telefonla da saytda yerləşdirirəm. Məncə, yeni texnologiyanın imkanlarını dəyərləndirmək, çalışdığın sahədə o imkanlardan yararlanmaq lazımdır”.
Şəymən
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb