Bir baxışın qiyməti: Ekranla həyat arasında qalan körpə

Bu gün işdən tez çıxmışdım. Günorta günəşi parkın yaşıl ağaclarının arasından süzülür, yay nəfəsi kimi hər tərəfə sakitlik yayırdı.

Maşına minib mühərriki işə saldım. Hər zamankı kimi düşüncələrimlə baş-başa qalacaqdım ki, gözüm qarşıdakı mənzərəyə ilişdi.

Bir qadın vardı , yanında da kalyaskada bir körpə. Qadının baxışları telefonun ekranına mıxlanmışdı. Barmaqları tələsik-tələsik nələrisə yazırdı. Körpə isə sanki görünmək istəyirdi. Başını qaldırır, səs çıxarır, narazılığını bildirirdi. Amma ona baxan yox idi.

Bir dəfə qalxdı, iki dəfə qalxdı... Hətta elə bir an oldu ki, ürəyim sıxıldı, "indi yıxılacaq" deyə qorxdum. Qadın sadəcə başını qaldırmadan dedi: 

- Uzan, uzan...

Və yenə ekrana döndü.

O an içimdə qəribə bir ağrı hiss etdim. Çünki bəzi uşaqlar oyuncağa yox, bir cüt diqqətli gözə möhtac böyüyürlər. Bəzi körpələr ən bahalı əşyalardan çox, bir ana gülüşünə ac qalırlar.

Hava gözəl idi. Ağaclar küləklə pıçıldaşırdı. Quşlar öz mahnılarını oxuyurdu. Güllərin ətri yayılmışdı ətrafa. Həyat bütün gözəlliyi ilə həmin uşağı çağırırdı. Amma onun dünyası bir telefon ekranının kölgəsində qalmışdı.

İzlədikcə içimdən keçdi ki, bəzən uşaqların ən böyük ehtiyacı yemək, paltar, oyuncaq deyil. Onların ehtiyacı qucaqlanmaqdır. Saçlarına sığal çəkilməsidir. Ana qoxusu ilə yuxuya getməkdir. Özünü birinin dünyasının mərkəzi hiss etməkdir.

Sonra bilmədiyim bir kədər çökdü üstümə. O körpəyə heyfim gəldi. Özümə heyfim gəldi. Bu zamana heyfim gəldi...

Və ürəyimdə səssizcə soruşdum:

Ey Tanrım, insanlar nə vaxt ekranlardan başlarını qaldırıb bir-birinin gözlərinə baxmağı yenidən öyrənəcəklər?..

Bir şeyi də düşünmədən keçə bilmirəm...

Əgər bu qadın həmin uşağa baxmaq üçün maaş alırsa, o maaşın içində bir az diqqət, bir az mərhəmət, bir az da vicdan olmalıdır. Uşağa nəzarət etmək başqa şeydir, onunla maraqlanmaq başqa...

Və bəlkə də bütün məsuliyyəti təkcə qadının üzərinə qoymaq düzgün deyil. Bir uşağın böyüdüyü mühiti iki insan qurur. Ana nə qədər məsuliyyət daşıyırsa, ata da bir o qədər daşıyır. Çünki bəzən evin içindəki dəyərləri, münasibəti, diqqəti və qayğını da ailənin özü formalaşdırır.

Mən heç kimin həyatını bilmirəm, heç kimi mühakimə etmək istəmirəm. Sadəcə bir körpənin baxışlarında gördüyüm ehtiyac bütün yol boyu ürəyimdən çıxmadı.

Bəzi uşaqların yadında qalan oyuncaqları olmur... Amma onlarla maraqlanmayan baxışları heç vaxt unutmurlar.

Elə buna görə də bu gün ürəyimdən keçən tək sual budur:

Bir uşağın ən böyük haqqı sevilməkdirsə, görəsən biz böyüklər o haqqı nə qədər qoruyuruq?

"Bəzən bir körpənin səssizcə axtardığı diqqət, böyüklərin saatlarla danışdığı sevgidən daha həqiqi olur."

Aynur Azəri