100 il sonra qapını döydülər: Bakı-Qars uçuşlarının başlaması ilə həsrət sona çatdı

1924-cü ildə Sovet İttifaqı dövründə bir-birindən ayrı düşən iki bacı-qardaşın nəvələri təxminən bir əsr sonra Bakı-Qars aviareysi ilə Qarsda bir araya gəlib.

Sherg.az xəbər verir ki, Azərbaycandan gələn Şərqiyyə və Nüşabə Məmmədova bacıları Akyaka rayonunun Demirkent kəndində yaşayan qohumları tərəfindən sazlı-sözlü qarşılanıb.

Təxminən 100 il əvvəl baş verən ayrılıq iki ailənin müxtəlif ölkələrdə yaşamasına səbəb olub. İllər keçsə də qohumluq bağları qopmayıb. Bakı-Qars arasında birbaşa uçuşların başlaması isə ailələrin yenidən görüşməsinə imkan yaradıb.

Məmmədova bacıları kənddə böyük sevinclə qarşılanıb, qohumları ilə qucaqlaşıb və uzun illərin həsrətinə son qoyublar. Ailə üzvləri eyni süfrə arxasında keçmiş xatirələrdən danışıb, saz çalınıb, mahnılar oxunub.

Şərqiyyə Məmmədova görüşlə bağlı “Sanki öz vətənimə gəlmişəm” deyib. O, atasının da 15 il əvvəl Karsa gələrək qohumları ilə görüşdüyünü bildirib.

Nüşabə Məmmədova isə ailəsində Türkiyədə qalan qohumlara olan həsrətin nəsildən-nəslə ötürüldüyünü deyib: “İki bacı-qardaşın nəvələriyik. Türkiyəni çox sevirəm. Atamın ruhu şad olsun, onun qohumlarını ziyarət etdim”.

Demirkent kənd sakini Aşkın Çiftçi isə Bakı-Qars uçuşlarının ailələri üçün sadəcə nəqliyyat imkanı olmadığını vurğulayıb: “Bakı-Qars uçuşlarının başlaması ilə 100 illik həsrət sona çatdı. Nəhayət, qohumlarımıza qovuşduq”.

Görüş iştirakçıları Bakı-Qars arasında birbaşa uçuşların uzun illər ayrı qalan digər ailələrin də qovuşmasına şərait yaradacağına ümid etdiklərini bildiriblər.