Çay Şərq ölkələrini Qərb mədəniyyətindən fərqləndirən əsas nemətlərdən biridir. Xalqımız istər şad, istərsə də kədərli günlərində çayı süfrəsindən əskik etmir. Havanın 39 dərəcə isti olduğu günlərdə belə isti çaydan imtina etməyən xalqımız üçün bu ənənənin özünəməxsus yeri var.
Sherg.az xəbər verir ki, məhz bu zəngin mədəniyyəti şəhər sakinlərinə və paytaxtın qonaqlarına daha yaxından tanıtmaq məqsədilə Dənizkənarı Bulvarda Çay Festivalı təşkil olunub.
Dənizkənarı Bulvar İdarəsinin təşkilatçılığı ilə keçirilən festivalda, ziyarətçiləri müxtəlif çay növləri, milli şirniyyatlar və mürəbbələr gözləyir.

Festivalın ən diqqətçəkən elementlərindən biri isə girişdə qurulan 6 metr hündürlüyündə işıqlı armudu stəkan dekorasiyasıdır. Azərbaycan çay süfrəsinin tanınan simvollarından olan armudu stəkan, bu dəfə nəhəng ölçüsü ilə ziyarətçilərin qarşısına çıxır.

Festivalda Lənkəran, Qarabağ və Şəkinin çay ənənələri də özünə yer tapıb. Müxtəlif mürəbbə növləri ilə tamamlanan çay süfrələri, ziyarətçilərə Azərbaycanın bölgələrinə xas dadları bir məkanda kəşf etmək imkanı yaradır. Yerli məhsullarla yanaşı, Özbəkistan və Çin mətbəxinə aid təamlar da təqdim olunur.
Stendlərdəki məhsulların qiymətləri çeşidinə və təqdim olunduğu məkana görə dəyişir.
Çay vurğunu olan xalqımızın vaxtını çay içib, söhbət edərək səmərəli keçirməsi üçün "Söhbətgah" və "Çay bağı" adlı istirahət guşələri təşkil edilib.


Festivalda II əsr yaşı olan samovarlar da nümayiş olunub. "1N Samovar" stendinin əməkdaşı Sherg.az-a açıqlamasında bildirib ki, samovarların sərgilənməsində məqsəd, ulu babalarımızdan yadigar qalan samovar mədəniyyətini təbliğ etmək və bu ənənəni yaşatmaqdır.

Stendlərdə çalışan əməkdaşların bəziləri ziyarətçilərə milli geyimlərdə xidmət göstərir.

Şərq mədəniyyətinin ayrılmaz hissəsi olan çay əsrlərdir insanları eyni süfrə ətrafında birləşdirir. Azərbaycanda isə bu ənənə qonaqpərvərlikdən tutmuş ailə söhbətlərinə qədər, həyatın müxtəlif məqamlarında özünü biruzə verir.
Qeyd edək ki, festivala giriş sərbəstdir. Oktyabrın 12-də başlayan festival ayın 18-dək ziyarətçilərin üzünə açıq olacaq.

