Gələcəyin yol xəritəsi çəkildi
Aİ ilə yeni saziş bölgənin təhlükəsizliyi üçün qoruyucu qalxan olacaq
Anlaşma eyni zamanda Azərbaycanın iqtisadi vəziyyətinə də müsbət təsir göstərəcək, qaz gəlirləri artacaq
Azərbaycan ilə Avropa İttifaqı arasında “Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb. Sənədi Prezident İlham Əliyev və ölkəmizdə səfərdə olan Avropa Komissiyasının rəhbəri xanım Ursula von der Leyen imzalayıblar. Memoranduma əsasən, 2027-ci ilə qədər illik qaz ixracının 20 milyard kubmetrə çatdırılması gözlənilir. Prezident İlham Əliyev deyib ki, Aİ ilə bu gün imzalanan memorandum gələcək üçün yol xəritəsidir.
Dövlət başçısının sözlərinə görə, qarşıdakı illərdə yeni qaz yataqlarının istismarı təbii qaz istehsalını artıracaq və alternativ enerjinin istifadəsi daha çox təbii qaz ixracına imkan verəcək: “Bizim daha əvvəl planlaşdırdıqlarımızın hamısını həyata keçirdiyimizi nəzərə alsaq, əminəm ki, biz böyük uğur görəcəyik. Bizim bu gün müzakirə etdiyimiz digər məsələlər arasında kommunikasiya, əlaqə də var idi. Azərbaycanın coğrafi mövqeyini və modern nəqliyyat infrastrukturunu nəzərə alsaq, bizim potensialımızın əlaqələndirilməsi istiqamətində daha fəal işləməyimizə ehtiyac var. Çünki burada, Xəzərin qərb sahilində Azərbaycan Xəzərdə ən böyük ticarət donanmasına, modern infrastruktura, gəmiqayırma zavoduna, yeni dəniz limanına və bizi bütün qonşularımızla əlaqələndirən dəmir yoluna malikdir”.
Avropa Komissiyasının prezidenti xanım Ursula von der Leyen də bildirib ki, Azərbaycanla imzaladığımız sənəd enerji sahəsində əməkdaşlığımızı daha da gücləndirəcək:
“Siz yalnız bizim enerji təhlükəsizliyimiz üçün deyil, həmçinin “yaşıl enerji” sahəsində də etibarlı tərəfdaşsınız. İmzaladığımız bu sənəd enerji sahəsində əməkdaşlığımızı daha da gücləndirəcək”. O, memorandumun 3 əsas bəndini qeyd edib: “İlkin olaraq biz Azərbaycandan qaz ixracını iki dəfə artıracağıq. Bu sənəd vasitəsilə Cənub Qaz Dəhlizinin genişləndirilməsinə sadiqliyimizi ifadə edirik. Bu layihə artıq Aİ üçün çox önəmlidir. Hər il ərzində 8 milyard kub metr qazı Avropaya ötürürük, yaxın illərdə onun həcmini 20 milyard kub metrə çatdıracağıq. Gələn il həcmi 12 milyard kub metrə çatdıracağıq və bu, Rusiyadan kəsilən qazı kompensasiya etməyə və Avropanın enerji təminatına əhəmiyyətli töhfə verəcək”. Anlaşma Memorandumunda ikinci əsas məqamın bərpa olunan enerji ilə bağlı olduğunu vurğulayan Ursula von der Leyen bərpa olunan enerji sahəsində Azərbaycanın çox böyük potensialının olduğunu diqqətə çatdırıb: “Cənab Prezident də bunu qeyd etdi. Bu, xüsusilə külək və “yaşıl hidrogen” sahəsində böyükdür və biz bunları görüşümüzdə ətraflı müzakirə etdik. İmzaladığımız bu sənədlə bu sahədə dayanıqlı əməkdaşlığımızın əsasını qoymuş olduq. Tədricən Azərbaycan Aİ üçün qalıq yanacaqlar sahəsində tərəfdaşdan bərpa olunan enerji sahəsində aparıcı tərəfdaşa çevriləcək. Və bizim qaz sahəsində əməkdaşlığımız iqlim dəyişikliyi ilə bağlı məsuliyyətimizlə ardıcıl olmalıdır. Məsələn, metan qazının azaldılması kimi. Bu sənəddə metan qazının azaldılması ilə bağlı öhdəliklərimiz qeyd olunur. Və mən Azərbaycanı təşviq edirəm ki, metan qazından imtina ilə bağlı 119 ölkənin qoşulduğu razılaşmaya da qoşulsun”.
İqtisadçı Natiq Cəfərli bildirib ki, Azərbaycanın Aİ ilə yeni enerji sazişi imzalanması, Avropa Komissiyasının sədri Ursula von der Leyenin ölkəmizə səfəri çox önəmli hadisədir. Ekspertə görə, bu saziş təkcə ölkəmizin deyil, bölgəmizin də qorunmasını, önəmini artıracaq. Yarana biləcək münaqişələrin önlənməsinə xidmət edəcək:
“Cənubi Qafqazda sülhün bərqərar olması və qorunması üçün bu saziş vacib qoruyucu qalxan olacaq. Yeni saziş Azərbaycanın iqtisadi vəziyyətinə də müsbət təsir göstərəcək, qaz gəlirləri artacaq. Bundan başqa iqtisadi olaraq məmləkətin Qərbə bağlantısını möhkəmləndirəcək. Uzun müddətdir ki, Azərbaycan ilə Aİ arasında yeni strateji tərəfdaşlıq müqaviləsi üzərində iş gedir. Hələ 2019-cu ildən bu haqda ictimaiyyətə məlumat vermişdik. Danışıqlar prosesindən məlumatlı şəxslər olaraq məsələnin uzanmasının səbəbinin “insan haqları” ilə bağlı olmadığını demişdik. Müqavilənin uzanmasının əsas səbəbləri iqtisadi məsələlərdir.
Qazla bağlı anlaşma razılaşdırılmamış əsas məsələlərdən biri idi. Qaz anlaşması Aİ ilə geniş müqavilənin də önünü açır. Düşünürəm ki, yaxın zamanlarda Avropa Birliyi ilə yeni strateji müqavilə də imzalanacaq. Bir sözlə, Azərbaycan-Aİ əlaqələrinin genişlənməsi məmləkətimizin strateji dövlət maraqlarına tam uyğundur”.
Beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli Aİ ilə Azərbaycan arasındakı enerji müqaviləsini bu cür şərh edib:
“Tarixi müqavilədir, Avropanın xilası müqaviləsidir. Avropa Azərbaycana milyardlarla investisiya qoyacaq. İndiki halda Qarabağda da işlər aparılacaq.
Bu, gələcək müqavilələr üçün baza rolunu oynayacaq. İndi artıq başa düşüldü ki, dövlət başçısı İlham Əliyev niyə Özbəkistan, Türkmənistan, Qazaxıstanla strateji tərəfdaşlıq müqavilələri bağlayıb”.