Gələn ilin büdcəsində əsas istiqamət yenə sosial siyasət olacaq

Şəhid ailələrinə və müharibə əlillərinə dövlət dəstəyi daha da gücləndiriləcək

  “2022-ci ilin ilk yarısının yekunlarına həsr edilən müşavirədə Azərbaycan Prezidenti tərəfindən bir sıra mühüm mesajlar verildi”. Bu barədə millət vəkili Vüqar Bayramov deyib. Deputat bildirib ki, bütövlükdə, bu ilin birinci yarısında iqtisadi artım tempinin davam etməsi və xüsusən də qeyri-neft iqtisadiyyatı 9,6 faiz artıma nail olunması müsbət haldır: “Bu ilin ikinci yarısı üzrə də artımın davam edəcəyini xəbər verir. Azərbaycan iqtisadiyyatının 2022-ci ildə 5 faizdən çox böyüyəcəyi gözlənilir. Bu hədəflər ilə yanaşı, iqtisadi təklükəsizlik üçün vacib olan xarici borcun tənzimlənməsi və starteji valyuta ehtiyatlarının qorunub saxlanması siyasəti də davam etdirilir.

Azərbaycanda xarici borcun ÜDM-də payı 10.7 faizədək azalıb. Bu, MDB-də ən yaxşı göstərici olmaqla yanaşı, dünya ən az xarici borc asılılığı olan 10 ölkədən biri anlamına gəlir. Eyni zamanda, 2022-ci ilin dövlət büdcəsi dürüstləşdirilən zaman Dövlət Neft Fondunun transferlərinin azaldılması fiskal gəlirlərdə enerjidən kənar sektorun payını artırmaqla yanaşı, valyuta ehtiyatlarımızın qorunub saxlanması baxımından vacib idi. İqtisadiyyatın diversifikasiyası prioritetdir və növbəti dövrlərdə də ən əsas hədəflərdən biri olaraq qalacaq. Rusiya-Ukrayna müharibəsi fonunda Azərbaycanın geo-strateji mövqeyi daha da güclənməkdədir. Cəmi 2 gün sonra Azərbaycan ilə Avropa İttifaqı arasında Enerji Memorandumu imzalanacaq. Azərbaycan Şahdəniz” ilə yanaşı çox yaxın gələcəkdə daha 5 yataqdan (“Abşeron”, “Şəfəq”, “Asiman”, “Ümid-Babək” və “Azəri-Çıraq-Günəşli”) qaz hasil ediləcək. Bu, ölkəmizin mavi qaz ixracatını artırmaqla yanaşı Avropanın enerji təhlükəsizliyinin formalaşmasında rolunu daha da artıracaq”.

  Parlament üzvü deyib ki, Azərbaycan Avropa İttifaqı üçün yeganə yeni və mühüm alternativ enerji mənbəyinə çevrilməkdədir: 

“Artıq “Köhnə Qitə”də Azərbaycan qazını almaq istəyən dövlətlərin sayında kəskin artımlar var. Bu ay istifadəyə verilən Yunanıstan-Bolqarıstan Daxili Şəbəkə ilə ən azı digər 4 Avropa ölkəsi Azərbaycan qazının alıcısına çevrilə bilər. Avropa İttifaqı ilə yanaşı ABŞ ilə əlaqələrinin inkişafı istiqamətində önəmli addımlar atılması da xüsusi qeyd olunmalıdır. Bu əlaqələr Azərbaycanın regional mövqeyinin daha da güclənməsi baxımdan vacibdir. Ermənistanın 10 noyabr Anlaşmasındakı bir sıra öhdəlikləri hələ də yerinə yetirməməsinə baxmayaraq Azərbaycan işğaldan azad olunan torpaqlarımızın bərpa və yenidənqurmasını daxili mənbələr hesabına davam etdirir. Cənab Prezident müşavirədə bir daha bəyan etdi ki, status haqqında danışmaq Ermənistan üçün çox təhlükəli məsələdir. 

Bu isə bir daha təsdiq edir ki, region üçün yeganə müsbət alternativ kommunikasiyaların bərpası və qarşılıqlı ərazi bütövlüyünün tanınmasıdır. Azərbaycan Ordusu güclüdür və ordu quruculuğu davam etdirilir. Növbəti dövr üçün də prioritetlər bəyan edildi. 

İqtisadiyyatın leqallaşdırılması ilə bağlı islahatlar davam etdiriləcək, neftdən asılılığın azaldılması ilə bağlı siyasət dərinləşdiriləcək, şəhid ailələrinə və müharibə əlillərinə dövlət dəstəyi daha da gücləndiriləcək, gələn ilin büdcəsində əsas istiqamət yenə də sosial siyasət olacaq, Qarabağ və Zəngəzurda quruculuq işləri davam etdiriləcək və bu gün qlobal xarakter daşıyan ərzaq təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı işlər görüləcək. 

Müşavirədə də qeyd olunduğu kimi dünya iqtisadiyyatı resessiya ilə üz-üzədir. 2022-ci ilin ikinci yarısı və xüsusən də 2023-cü il üçün qlobal proqnozlar ürəkaçan deyil. Bu kontekstdə daxili hədəflərin reallaşması daha da aktuallıq kəsb edir".