“Sağ ol, əmi!” - Yevlaxda uşaqları pulsuz məktəbə aparan sürücü "Şərq"ə DANIŞDI

  • “Onların təbəssümü bütün problemlərimi unutdurur”
  • “Bax, nənə, bizim avtobusumuzdur!”

Hər məktəblinin yaddaşında üzündə təbəssüm yaradan, qayğısını hiss etdiyi, illər keçsə də xoş xatirələrlə xatırladığı bir insan var. Bəzən bir insanın etdiyi kiçik yaxşılıq uşaqların yaddaşında ən gözəl xatirələrdən birinə çevrilir.

Yevlaxın Qaraoğlan kəndində yaşayan uşaqların da belə bir sevimli insanı var. Bu, onları hər gün pulsuz məktəbə aparıb-gətirən avtobus sürücüsü Firudin Məmmədovdur. O, iki ildən artıqdır ki, uşaqları öz hesabına məktəbə aparır, əvəzində isə heç nə gözləmir. Firudin kişinin ən böyük sevinci uşaqların gülə-gülə avtobusa minməsi, xoş sözlərlə sağollaşmasıdır. Onun üçün bu təbəssümlər bütün yorğunluğunu unutmağa bəs edir.

Sürücünün uşaqları məktəbə apararkən lentə alınan görüntüləri sosial şəbəkələrdə yayılıb. Sherg.az Firudin Məmmədovla həmsöhbət olub, bu gözəl təşəbbüsün hekayəsini öyrənib.

Müsahibəni təqdim edirik:

-Firdun bəy, neçə yaşınız var və harada işləyirsiniz?

-47 yaşım var. Yevlaxda, Qaraoğlan kəndində avtobus sürücüsü işləyirəm.

-Neçə ildir bu təşəbbüsü həyata keçirirsiniz? Uşaqları məktəbə ödənişsiz aparıb-gətirirsiniz?

-İki ildən bir az çoxdur bu işlə məşğulam, uşaqları məktəbə aparıb-gətirirəm. Yay tətilində uşaqlar istirahətə çıxırlar, dərslər başlayanda isə yenidən davam edirəm.

-Bu fikir ağlınıza necə gəldi?

-Bir gün səhər dayanacağa gəldim. Gördüm ki, uşaqlar məktəbə getmək üçün gözləyirlər. Hava çox soyuqdur. Bəziləri məktəbə piyada gedirdi. Ürəyimdən gəldi, dedim ki, uşaqlar gəlin oturun, hamınızı aparım. O gündən bəri hər gün dayanacaqda məni gözləyirlər...

-Videonuzun altına bəziləri yazıblar ki, valideynlər sizə kömək etsinlər, ən azı avtobusun benzinini almaqda...Bu fikri necə qarşılayırsınız?

-Yaxşı qarşılamıram, istəmərəm. Çox uşağın valideynini tanımıram. Heç bilmirəm ki, kimin nəvəsi, kimin uşağıdır...Təmənna güdməmişəm. Çəkilişi də Təranə xanım Atakişiyeva xahiş etdi ki, təhsil şöbəsindən istəyirlər...Mən də dedim ki, istəmirəm ki, məni çəkəsiniz. Bu addımın reklam kimi qəbul olunmasını istəmədim. Amma onun xahişini yerə salmadım, o da sağ olsun çəkdi, paylaşdı. Amma mən bunu Allah rızası üçün edirəm, reklam olsun deyə etmirəm...Uşaqlar səhər tezdən sevinə-sevinə avtobusa minirlər-düşürlər...

-Bəs avtobusun yanacaq, texniki xidmətlərini necə qarşılayırsınız?

-Hamısını özüm qarşılayıram.

-Bu təşəbbüsdən qazancınız nədir?

-O uşaqların təbəssümünü, gülüşünü görüb nə qədər problemim olsa da, hamısını unuduram. Onların gülüşü mənim yorğunluğumu aparır. Vallah, bütün problemlərim yadımdan çıxır...

Avtobusa tez minmək üçün tələsməkləri, düşməkləri, qaçmaqları...Elə həmin vaxt onlara baxıram, bu, bəs edir...

-Məsələn, heç olubmu ki, səhhətinizdə probleminiz olub və ya hər hansısa işinizə görə uşaqları avtobusla məktəbə apara bilməmisiniz?

-Məni əvəz edən bir ağsaqqal kişi var. O da kənddəndir. Onun maşını bir az balacadır. Elə yerdən gəlir ki, uşaqları götürmür, bir başa gəlib dayanacaqda dayanır. Mən şəhərdən, kəndə gəlirəm. Həmin yerə gələn başqa bir avtobus isə yoxdur. Maşın təmirdə olarsa və ya özümün şəxsi işim olarsa, işdən qalaram. Yoxsa, mən işdən qalmıram. 

-Kənddə uşaqların məktəbə gediş-gəlişini çətinləşdirən nədir?

-Məktəbə gedən yol əslində o qədər də uzaq deyil. Amma qış aylarında çətinliklər yaşanır. Yol palçıq, hava da soyuq olur. Yayda hava yaxşı olanda özləri də gedirlər, hətta bəzi uşaqlar məktəbə velosipedlə gedirlər. Amma qış aylarında, yağışlı havada, soyuq olanda istər-istəməz onların gediş-gəlişi üçün nəqliyyat vasitəsinə ehtiyac olur.

-Öz övladlarınız varmı? Onlar da oxuyurlarmı?

-Öz uşaqlarımı aparmağa vaxtım çatmır. Mən 7-də evdən çıxıram, övladlarım isə 8-in yarısı dərsə gedirlər. Ona görə də onları özüm apara bilmirəm. Başqa avtobus olmadığına görə də onlar taksi ilə gedirlər.

-Uşaqlar sizə təşəkkürlərini necə bildirirlər?

-İnanırsız, avtobusdan düşəndə biri "sağ ol, əmi", digəri "sağ ol, dayı" deyir...Hərəsi bir səslə qışqıra-qışqıra "sağ ol" deyə-deyə düşürlər. Balaca uşaqlardır da...(Gülür)

-Uşaqların xatirində necə qalmaq istəyirsiniz?

-Yəqin ki, məni xatırlayarlar. Kənddə görəndə də xoş təəssüratla qarşılayırlar. Biri bir dəfə nənəsinə deyib ki, "nənə, bax, bizim avtobusumuzdur"(Gülür). Hamısı məni çox istəyir, mən də onları çox istəyirəm. 

-Xeyriyyəçilik təşəbbüsünüzü başqalarının da davam etdirməyini istəyirsiniz?

-Vallah, istəyərəm. Bilirsiniz, müvəqqəti həyatdır. Əlimizdən gələn yaxşılığı eləmək hər bir insanın borcudur. Mənim etdiyim insanlıq borcudur. Tək uşaqlara yox, ümumiyyətlə hər kəsə xeyirxah olmaq, xeyirxahlığı davam etdirmək lazımdır. 

-Son olaraq, uşaqlara nə arzulayırsınız?

-Dərslərini yaxşı oxusunlar və onlar da xeyirxah olsunlar.