Avropa İttifaqı Cənubi Qafqaza diqqətini artırır

 Azərbaycan, Türkiyə və Ermənistanın dördlü əməkdaşlığı bölgədə sülh və təhlükəsizliyi gücləndirir

Avropa İttifaqının genişlənmə üzrə ali komissarı Marta Kos bildirib ki, Cənubi Qafqazda kommunikasiyaların (və ya nəqliyyat dəhlizlərinin) açılması üçün Azərbaycan, Ermənistan, Türkiyə və Avropa İttifaqının iştirak etdiyi dördtərəfli formatın yaradılması müzakirə edilir. Aİ rəsmisinin sözlərinə görə, Avropa İttifaqı bir tərəfdən Ermənistan, digər tərəfdən isə Azərbaycan və Türkiyə arasında münasibətlərin normallaşması prosesinə kömək etməyə hazırdır. Brüssel bu məsələdə Bakı və Ankara ilə işləyir. Marta Kos qeyd edib ki, Cənubi Qafqazda ölkələr arasında əlaqəni təmin etməklə çox şey əldə etmək olar, amma bu, yalnız İrəvan və Bakı arasında sülh təmin olunarsa, mümkündür. Aİ komissarı xatırladıb ki, bu yaxınlarda Daşkənddə Avropa və Mərkəzi Asiya arasında cənub marşrutu layihəsinə investisiya cəlb etmək üçün ölkələr, beynəlxalq təşkilatlar və bizneslərin birləşəcəyi platformanın yaradılması təşəbbüsü ilə çıxış edib. Kos əlavə edib ki, TRIPP Qərblə Şərqi birləşdirən kommunikasiyaların sadəcə bir hissəsidir: "Ermənistan, Azərbaycan, Türkiyə və Avropa İttifaqı arasında dördtərəfli formatı müzakirə edirik. Oktyabrda nazirlərin görüşü zamanı müzakirələrə başlamışıq, ardınca Daşkənddə investisiya forumu keçirdik".

Milli Cəbhə Partiyasının sədr müavini Tural İrfan Sherg.az-a açıqlamasında deyib ki, Avropa İttifaqı Cənubi Qafqaza marağı çərçivəsində Azərbaycan, Türkiyə və Ermənistanla əlaqələri daha da genişləndirir. Siyasi şərhçi vurğulayıb ki, bölgədə Avropa İttifaqının ABŞ ilə rəqabəti də mövcuddur:

"Ermənistanla Türkiyə və Azərbaycan arasında sülhün bərqərar olması bölgədə təhlükəsizliyin təminatıdır. Təhlükəsizlik şəraitində təbii ki, Avropanın da regiona diqqəti və marağı artır. Avropa İttifaqı, Azərbaycan, Türkiyə və Ermənistanın dördlü formatda kommunikasiya sahəsində əməkdaşlıq etməsi mümkündür. Bu platformanın həm ümumi region, həm də ölkələrin özü üçün perspektivli ola biləcəyini düşünürəm. Enerji sahəsində Azərbaycan-Aİ əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub. Energetika naziri Pərviz Şahbazovla Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri, səfir Mariyana Kuyundziç arasında görüşün keçirilməsi bu sahədə müəyyən addımların atıldığını göstərir. Marta Kosun təklif etdiyi dördtərəfli formatın yaradılması əlaqələrin daha geniş masştabda inkişaf edəcəyini göstərir. Azərbaycanın Avropa İttifaqı ilə kommunikasiya sahəsində əməkdaşlığının dördlü formatda səmərəsi daha böyük ola bilər. Sözsüz ki, digər mühüm amillər, xüsusən təhlükəsizlik məsələsi də nəzərə alınmalıdır".