- Gürcüstan rəsmilərinin Bakıya ardıcıl səfərlərinin pərdəarxasında reallıqlar var
Azərbaycan və Gürcüstan arasında son dövrlərdə yüksək səviyyəli siyasi və diplomatik təmasların intensivləşməsi diqqət çəkir. Xüsusilə noyabr ayında Gürcüstan rəsmilərinin Bakıya ardıcıl səfərləri iki ölkə arasında münasibətlərin yeni gündəlik üzrə inkişafı baxımından maraq doğurur.
Belə ki, oktyabrın 29-30-da Azərbaycanın Baş naziri Əli Əsədov Gürcüstanda səfərdə olub. Noyabrın 17-18-də Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili Bakıya gəlib. Noyabrın 24-də isə Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvili Azərbaycana rəsmi səfər edib. Bu ardıcıllıq Bakı ilə Tbilisi arasında siyasi dialoqun və hökumətlərarası əməkdaşlığın fəallaşdığını göstərir.
Maka Boçorişvilinin səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev, Baş nazir Əli Əsədov, Milli Məclisin sədri Sahibə Qafarova və xarici işlər naziri Ceyhun Bayramovla görüşlərin keçirilməsi nəzərdə tutulur. Gürcüstanın Azərbaycandakı səfiri Giorgi Zakarashvilinin açıqlamasına görə, danışıqlarda ötən dövr ərzində əldə olunmuş nəticələrin nəzərdən keçirilməsi, strateji tərəfdaşlığın inkişafı, xarici siyasət məsələləri, regional vəziyyət və beynəlxalq proseslərlə bağlı mövqelərin uzlaşdırılması əsas müzakirə mövzuları olacaq. Orta Dəhlizin perspektivləri və nəqliyyat dəhlizlərinin fəaliyyəti də gündəmdə yer alacaq.
Politoloq Tural İsmayılov Sherg.az-a açıqlamasında bildirib ki, Gürcüstan rəsmilərinin son günlər Azərbaycana intensiv səfərləri iki ölkə arasında münasibətlərin yeni geosiyasi və iqtisadi reallıqlar fonunda daha da fəallaşdığını göstərir.
Onun sözlərinə görə, Azərbaycan və Gürcüstan Cənubi Qafqazın siyasi sabitliyi, regional təhlükəsizlik, enerji və nəqliyyat kommunikasiyalarının inkişafı baxımından bir-birini tamamlayan strateji tərəfdaşlardır:

“Bu münasibətlərin güclənməsi təsadüfi diplomatik fəallıq deyil, dəyişən beynəlxalq münasibətlər sisteminin yaratdığı yeni imkanlara verilən rasional cavabdır. Maka Boçorişvilinin Azərbaycana səfəri də məhz bu kontekstdə qiymətləndirilməlidir.
Gürcüstan xarici siyasətinin əsas istiqamətlərindən biri Azərbaycanla etibarlı tərəfdaşlığın qorunması və genişləndirilməsidir. Xüsusilə Orta Dəhlizin artan əhəmiyyəti, Xəzər hövzəsi ilə Qara dəniz arasında nəqliyyat əlaqələrinin genişlənməsi və Avropa bazarlarına çıxış imkanları Bakı və Tbilisinin əməkdaşlığını daha vacib edir. Bu gün Azərbaycan Gürcüstan üçün mühüm enerji tərəfdaşı olduğu kimi, Gürcüstan da Azərbaycanın Avropa istiqamətində iqtisadi və nəqliyyat əlaqələrinin əsas tranzit qapılarından biridir”.
Analitik qeyd edib ki, regionda sülh gündəliyinin irəliləməsi, Ermənistan-Azərbaycan münasibətlərində yeni mərhələnin formalaşması və Cənubi Qafqazda kommunikasiyaların açılması perspektivi Gürcüstanın da strateji maraqlarına birbaşa təsir göstərir.
“Tbilisi anlayır ki, regionda davamlı sabitlik və iqtisadi inteqrasiya üçün Azərbaycanla münasibətlərin yüksək səviyyədə saxlanılması mühüm şərtdir. Bu səfərlərin intensivləşməsini Azərbaycanın artan regional nüfuzunun və etibarlı tərəfdaş imicinin göstəricisi kimi də dəyərləndirmək lazımdır.
Bakı artıq regional proseslərin sadəcə iştirakçısı deyil, onların istiqamətinə təsir göstərən mühüm siyasi və iqtisadi mərkəzdir. Maka Boçorişvilinin səfəri, əslində, Azərbaycan-Gürcüstan münasibətlərinin mövcud potensialını daha konkret əməkdaşlıq mexanizmlərinə çevirmək, regional çağırışlar üzrə siyasi koordinasiyanı gücləndirmək və iki ölkənin strateji maraqlarını uzlaşdırmaq məqsədi daşıyır.
Azərbaycanın qonşuları ilə qurduğu qarşılıqlı etimada əsaslanan siyasət Cənubi Qafqazda dayanıqlı əməkdaşlıq mühitinin formalaşmasına mühüm töhfə verir”.