Paşinyan: Ermənistan Apostol Kilsəsi II Qaregin tərəfindən qəsb edilib

Ermənistanın Baş naziri Nikol Paşinyan Bütün Ermənilərin Katolikosu II Qaregini Erməni Apostol Kilsəsini qəsb etməkdə ittiham edib.

Teleqraf xəbər verir ki, Paşinyan ofisi tərəfindən Erməni Apostol Kilsəsindəki vəziyyətlə bağlı hazırlanmış hesabatı nəzərdən keçirdiyini deyib:

“Erməni Kilsəsinin Böhranı haqqında hesabat müvafiq məqamları özündə əks etdirən hökumət proqramına uyğun olaraq və mənim tapşırığımla hazırlanıb. Buna baxmayaraq, hesabatı nəzərdən keçirdikdən sonra özüm üçün müəyyən etdim ki, Ermənistan Apostol Kilsəsindəki faktiki vəziyyət təsəvvür etdiyimdən daha ağır və böhranlıdır. Hesabatı bir cümlə ilə ifadə etsək deyə bilərik; Ermənistan Apostol Kilsəsi Ktriç Nersisyan (II Qareginin dünyəvi adı – red) və onu dəstəkləyən ruhanilər qrupu tərəfindən qəsb edilib”.

Qeyd edək ki, bu il fevralın 14-də Ermənistan Prokurorluğu bütün ermənilərin katolikosu II Qareginə qarşı Ali Ruhani Şuranın qərarı ilə əvvəllər səlahiyyətlərindən məhrum edilmiş Masiatsotn yeparxiyasının abbatının səlahiyyətlərinin bərpası ilə bağlı məhkəmə qərarının icrasına mane olmaq ittihamı ilə cinayət işi açıb. İyulun 29-da Ermənistan Prokurorluğu II Qareginə və altı yepiskopa qarşı cinayət işini ittiham aktı ilə məhkəməyə göndərib.

Nikol Paşinyanla Ermənistan ruhaniləri arasında münasibətlər Eçmiədzin Ana Taxtının 2020-ci ildə baş nazirin istefasını tələb etməsindən və onu Qarabağ siyasətinə görə tənqid etməsindən sonra pisləşib. Son aylarda Paşinyan kilsə qaydalarına görə ömürlük seçilən II Qareginin Erməni Apostol Kilsəsinin rəhbəri vəzifəsindən uzaqlaşdırılması üçün açıq şəkildə kampaniya aparır.