Politoloq: Ermənistanın gələcəyi Paşinyanın qələbəsindən asılıdır

 İrəvan ya Moskvanın quberniyası olacaq, ya da Qərbə yönələcək

 

Baş nazirə qarşı ikiqat təhlükə var, Kilsə və Rusiyanın agentura şəbəkəsi iş başındadır

 

Ermənistanın hakim "Vətəndaş Müqaviləsi" Partiyasının (VMP) İdarə Heyətinin iclası keçirilib. Baş nazir Nikol Paşinyan iclasda qarşıdan gələn parlament seçkilərində baş nazirliyə namizədliyini əsaslandırmaq üçün geniş çıxış edib. Bildirib ki, hələ 2018-ci ildən əvvəl başladığı bir mübarizə var və bu mübarizəni hələ başa çatdırmayıb. Bu mübarizəni sona çatdırmaq və qarşısına qoyduğu məqsədə çatmaq üçün isə taleyinin özündən asılı olmadığını deyib. Qeyd edib ki, əgər komanda onun namizədliyini rədd etmək qərarı versə, o, mübarizəni davam etdirə bilməyəcək və kənara çəkiləcək. Yəni Paşinyan partiya üzvlərinə "mənim taleyim sizdən asılıdır" mesajını verib. Görünür, baş nazir İdarə Heyətinin səsvermədə onun namizədliyini dəstəkləyə bilməyəcəyindən şübhələnib. Məlumata görə, Paşinyan çıxışını bitirdikdən sonra otaqdan çıxıb və İdarə Heyəti yekdilliklə onun lehinə səs verib.

Politoloq Elçin Xalidbəyli Sherg.az-a açıqlamasında deyib ki, Ermənistan hazırda öz tarixinin ən taleyüklü mərhələsindən keçir. Ekspert vurğulayıb ki, növbəti parlament seçkilərində Ermənistanın gələcək taleyi böyük ölçüdə aydınlaşmağa başlayacaq:

"Ermənistan önəmli yol ayrıcındadır. Növbəti parlament seçkilərində Rusiyanın əsas hədəfi Paşinyan hakimiyyətini dəyişməkdir. Əgər Kreml Rusiyanın agentura şəbəkəsinin təmsilçilərini hakimiyyətə gətirməyi bacararsa, o zaman Ermənistan bundan sonrakı dövrdə Moskvanın qeyri-rəsmi quberniyası, yaxud regional forpostu olaraq qalacaq. Öz müstəqilliyinin və suverenliyinin əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə barışmalı olacaq. Yox əgər Paşinyan seçkidə qalib gələrsə, hakim mövqelərini qorumağı bacararsa, o halda Ermənistan indiki siyasi kursuna davam edəcək. Seçkidən qalib çıxan Paşinyan Ermənistanı Rusiyadan uzaqlaşdırmaq və Qərbə doğru yaxınlaşdırmaq siyasətində israrlı davranmağa çalışacaq. Paşinyan Ermənistanın real müstəqilliyə doğru aparmaq uğrunda mübarizə apardığını deyir və öz tərəfdarlarından dəstək istəyir".

Lakin ekspertin fikrincə, Paşinyan üçün çox ciddi problemlər mövcuddur:

"Baş nazir bir tərəfdən erməni terrorizminin siyasi-ideoloji mərkəzi sayılan Kilsə ilə mübarizə aparır. Eyni zamanda, Rusiyanın agentura şəbəkəsinə daxil olan siyasi qüvvələrlə qarşıdurma vəziyyətindədir. Paşinyanı növbəti parlament seçkiləri ərəfəsində təşvişə salan iki önəmli məqam var. Birinci məqam Rusiya kəşfiyyat qurumlarının Ermənistanda hakim partiyanın daxilinə əl uzatması ilə bağlıdır. Paşinyanın partiyasında onun seçki prosesindən kənarlaşdırılmasına yönəlik prosesə start verilə bilər. Hakim partiyada Paşinyana xəyanət ehtimalı da mövcuddur. Digər təhlükəli məqam isə odur ki, Kilsə ilə qarşıdurma vəziyyəti Paşinyanı faktiki olaraq erməni terrorizminin hədəfinə çevirir. Kilsə ilə savaşmaq Paşinyan üçün hər an terrora məruz qalmaq təhlükəsi yaradır. Seçkiöncəsi baş naziri narahat edən məqamlar kifayət qədər çoxdur. O baxımdan, növbəti parlament seçkiləri həm Ermənistanın, həm də Paşinyanın şəxsi taleyini böyük ölçüdə aydınlaşdırmış olacaq".