Politoloq: Seçkilərdən sonra Paşinyan başqa adam olacaq

Rusiya vasitəsilə revanşist müxalifət sülh prosesinə mane olur

Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) dondurulmuş statusunun nə qədər davam edəcəyi yalnız İrəvanın öz qərarından asılıdır. Bu barədə KTMT Parlament Assambleyasının müdafiə və təhlükəsizlik üzrə daimi komissiyasının rəhbəri Anatoli Vıbornı bildirib. O qeyd edib ki, KTMT bütün qərarların üzv ölkələrin xoşməramlı iradəsi əsasında qəbul olunduğu yeganə beynəlxalq qurumdur və təşkilat çərçivəsində heç bir ölkəyə təzyiq göstərilmir: "Ermənistan da KTMT və onun parlament formatında qəbul edilən qərarlara hörmətlə yanaşır". Rusiya xarici işlər naziri Sergey Lavrov isə deyib ki, Moskva gələn il Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) sədrliyi zamanı təşkilatın potensialı və beynəlxalq arenada mövqeyinin möhkəmlənməsinə kömək edəcək. Lavrovun sözlərinə görə, Rusiya regional sabitliyin qorunması üçün etibarlı mexanizm olan bu təşkilatın potensialı və beynəlxalq mövqeyinin gücləndirilməsi maraqları naminə müttəfiqlərlə sıx əməkdaşlığa sadiqdir.

Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova Sherg.az-a deyib ki, Ermənistan-Rusiya münasibətlərində çatların olduğu, İrəvanın Moskvadan uzaqlaşma cəhdləri aydın görünür. Ekspert vurğulayıb ki, Nikol Paşinyan TRIPP layihəsi vasitəsilə tədarük təhlükəsizliyini möhkəmləndirmək istiqamətində ardıcıl addımlar atır:

"Ermənistan anlayır ki, resurs tədarükünü möhkəmləndirməlidir ki, xarici təhlükələrə qarşı həssaslıq olmasın. Çünki asılılıq ölkəni xarici təlatümlərə qarşı həssas edir. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından birdən-birə çıxmama səbəbini məhz qarşıda dayanan seçkilərlə əlaqələndirmək olar. Aydın məsələdir ki, Paşinyan Qərbin dəstəyi ilə hakimiyyətə gəlib, bu istiqamətdə Qərb təsisatları və institutları ilə əlaqələri var. Onu da nəzərə alaq ki, Ermənistandakı müxalif qüvvələr, revanşistlər sülh prosesinə və bütövlükdə Paşinyanın atdığı addımlara qarşı olan kəslər məhz Rusiya vasitəsilə təhrik edilir".

Analitik düşünür ki, KTMT-dən formal olaraq çıxmamağın səbəbi hələ ki, seçkiləri gözləməkdir:

"Eyni zamanda başqa bir variant da var ki, seçkilər önə çəkilə bilər. Paşinyanın ilk olaraq seçkiləri sakit qaydada yola verdikdən sonra KTMT məsələsini də konkretləşdirəcəyi və formal qaydada addımlar atacağı gözlənilir.Təbii ki, əgər iqtisadi asılılıq azaldılarsa, o zaman digər addımlar atmaq da daha risksiz olacaq. Düşünürəm ki, bu, zaman məsələsidir və Paşinyan bu istiqamətdə addımlarını indidən sıralayıb. Dövlətlər artıq formallıqdan daha çox, əməli işə keçmək zərurəti ilə üz-üzə qalıblar. Bu baxımdan KTMT kimi onsuz da işlək mexanizmi olmayan qurumdansa, güclü dayaqları olan təsisatlar daha cəlbedici və lazımlıdır. Bütün bu səbəblərdən Ermənistanın KTMT-dən çıxması da tutmuş olduğu yola uyğundur".