Tofiq Zülfüqarov: "Paşinyanın "sirrləri" yayması gözlənilən effekti vermədi"

"Məğlubiyyət və kapitulyasiya məsələsində daxili siyasi mübarizə davam edəcək"

"Miatsum" və "njdeizm" ideologiyası qınanmadan Ermənistanın sağlamlaşması mümkün deyil"

"Paşinyan Administrasiyasının seçkiqabağı öz mövqeyini gücləndirmək məqsədilə keçmiş Minsk qrupu çərçivəsində gedən danışıqların sənədlərini dərc etdi. Lakin nəzərdə tutulmuş məqsədlərdən və nəticələrdən fərqli olaraq, bu addım gözlənilən effekti vermədi". 

Bunu "Sherg.az"a sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib. 

Keçmiş XİN başçısı bildirib ki, əlbəttə, Levon Ter-Petrosyan, Robert Koçaryan və Serj Sarkisyanın Minsk Qrupunun həmsədrləri, eyni zamanda Azərbaycanın təzyiqi altında o dövrdə müzakirə etməyə məcbur olduqları məsələlər mövcud reallıqlar müstəvisində "vətənpərvər" sayıla bilməz: 

"Lakin danışıqlar prinsipi, yəni "hər şey razılaşdırılmayınca, heç nə razılaşdırılmış sayılmır" prinsipi indi ittiham olunan eks rəhbərlərə bütün ittihamları asanlıqla neytrallaşdırmaq imkanı verir. Bu səbəbdən, məğlubiyyət və kapitulyasiya məsələsində kimin daha çox günahkar olması ilə bağlı daxili siyasi mübarizə intensivliklə davam edəcək. Gizli sənədlərin açıqlanması taktikası göstərdi ki, Paşinyan "üçüncü respublika"nın "dövlət qurucu" ideyasının tam fiaskosuna görə "günah keçisi" axtarmaqda nisbətən asan yolu seçib. Ancaq "üçüncü respublika"nın ilhaqçı siyasəti, "miatsum" və "njdeizm" ideologiyası ciddi şəkildə siyasi müstəvidə qınanmadan Ermənistanın sağlamlaşması mümkün deyil. Bu ölkə öz qonşularından aqressiya və ərazi iddiaları üzərində qurulan utancverici siyasətə görə rəsmi və açıq şəkildə üzr istəməyincə, möhkəm və uzunmüddətli sülh gözləməyə dəyməz".