Pezeşkiana təzyiq: Zərifin istefası hakimiyyət daxilindəki gərginlikdən xəbər verir

İranın strateji məsələləri üzrə vitse-prezidenti Məhəmməd Cavad Zərif iqtisadiyyat və maliyyə naziri Əbdülnasir Himmatinin impiçment elan edilməsindən sonra istefa verib. Bu barədə "Fars" agentliyi məlumat yayıb. Bildirilib ki, vitse-prezident istefasını İran Məclisinin (birpalatalı parlament) iclasından sonra təqdim edib. Həmin iclasda Himmati vəzifəsindən kənarlaşdırılmışdı. Qeyd olunub ki, Prezident Məsud Pezeşkian hələ Zərifin istefa ərizəsini qəbul etməyib. Xatırladaq ki, Zərif ötən ilin avqustunda da istefa vermişdi, lakin Pezeşkian onun istefasını qəbul etməmişdi.
Orta Doğu Araşdırmalar Mərkəzinin sədri, politoloq Sədrəddin Soltan “Sherg.az”a söyləyib ki, Məhəmməd Cavad Zərifin iqtisadiyyat və maliyyə naziri Əbdülnasir Himmatinin impiçmentindən sonra istefası Tehran hakimiyyətinin ölkədəki iqtisadi vəziyyətlə bağlı üzləşdiyi problemlərin həllinə cəhd və Qərblə danışıqların prespektividir:
“Zərif Qərblə danışıqların tərəfdarı sayılan şəxslərdəndir. Ötən gün İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei Qərblə, xüsusilə Amerikayla danışıqların mümkünsüz olduğunu dilə gətirdə və bəyan etdi ki, Ukrayna məsələsindən sonra danışıqlar qeyri-mümkündür. Himmati məsələsi isə İranda iqtisadi vəziyyətdən çıxış yolu kimi atılan addımdır. Himmati əvvəllər mərkəzi bankın direktoru olub. Tehran hakimiyyətində tümənin ABŞ dollarına münasibətdə xeyri ucuzlaşması müşahidə edilir. Yəni bir ABŞ dolları yüzminlərlə tüməndən daha baha satılır. Görünən odur ki, Tehran hakimiyyəti yeni təkliflər və danışıqlara hazırlaşmaqdansa, böhranı hazır olan danışıqları aparan qüvvələri sıradan çıxarmaqla yatırmağa çalışır. Bu müəyyən qədər Məsud Pezeşkiana da təzyiqdir. Çünki Məsud Pezeşkian prezident seçkisindən öncə təbliğat kampaniyası zamanı söyləmişdi ki, Qərblə danışıqlara hazırdır. Lakin ötən gün söylədi ki, İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei hansı mövqeyi nümayiş etdirsə, həmin yolla gedəcək. Bu isə Məsud Pezeşkian hakimiyyətinin bundan sonra Qərblə qapısını bağlaması deməkdir. Digər tərəfdən sözügedən məsələlər bir daha təsdiqləyir ki, hakimiyyət daxilində vəziyyət gərgindir və münasibət birmənalı deyil. Məsələn, Məhəmməd Cavad Zərifə istefa verməsini  İran məhkəmə sisteminin rəhbəri Ayətullah Qulamhüseyn Möhseni-Ejei təklif edib. O bildirib ki, höküməti təzyiqlərdən xilas etmənin yeganə yolu Cavad Zərifin istefasıdır. Yaranmış iqtisadi, siyasi, sosial və digər problemlər Tehran hakimiyyətinin daxilində ziddiyyətləri artırır. Eyni zamanda keçmiş hökümət başçıları çıxış yolunun danışıqlarda və yeni islahatlarda gördüklərini bildirirlər. Hökümət isə nə danışıqlara gedir, nə də yeni islahatlar aparır”.