Rusiya ilə əməkdaşlıq Türkiyənin məntiqli cavabıdır
Əgər Qərb öz müttəfiqini müdafiə üçün zəruri hərbi avadanlıqla təchiz etmirsə, Türkiyə başqa alternativ üzərində düşünməlidir
Türkiyə hakimiyyəti ABŞ administrasiyasının tələb etdiyi kimi Rusiyanın S-400 hava hücumundan müdafiə sistemlərindən tamamilə imtina etməyi planlaşdırmır. "Bloomberg" nəşrinin məlumatına görə, Türkiyə hakimiyyəti S-400 sistemlərinin gələcəyi ilə bağlı güzəştə getməyə hazır olduqlarını bildiriblər.
Ankara Vaşinqtonun Rusiya hava hücumundan müdafiə sistemlərindən tamamilə imtina etmək tələbini rədd edib. Mənbələrə görə, Türkiyə hakimiyyəti S-400-ün istifadəsini izləmək üçün "birgə hərbi mexanizm"in yaradılmasına razılıq verməyə hazırdır.
Ədalət Partiyasının sədri Mütəllim Rəhimov Sherg.az-a deyib ki, ABŞ və Qərb dünyası Türkiyənin Rusiyadan S-400 raket-zenit kompleksi almasına isti baxmır. Partiya sədri bildirib ki, bu addım NATO üzvü olan bir ölkənin Rusiya ilə hərbi əməkdaşlığı kimi dəyərləndirilir:

"Türkiyəyə NATO silahları verilir və qardaş ölkənin hərbi arsenalında NATO texnikaları mövcuddur. Belə məqamda rəqib bir ölkədən silah-sursat alınması Qərb üçün məqbul sayılmır. Amma proseslərin inkişaf dinamikasına baxsaq, Türkiyə NATO qüvvələri tərəfindən təklənməkdədir. Ona görə də Türkiyənin Rusiyadan başqa alternativi qalmamışdı. S-400 raket-zenit komplekslərinin alınması, əslində, Türkiyənin NATO-dan incikliyinin əlaməti idi. Qərbin Türkiyəni təkləməsinə, sıxışdırmasına qarşı rəsmi cavab idi. ABŞ Türkiyəni Rusiyadan S-400 raketlərini aldığına görə, F-35 qırıcıları ilə təmin etməkdən imtina edib. Ancaq Türkiyə S-400 raket-zenit kompleksləri almazdan öncə də Türkiyənin hərbi hava qüvvələri ən müasir silahlarla təchiz edilmirdi. NATO dövlətləri Türkiyəyə ögey münasibət sərgiləyirdilər. O baxımdan Türkiyənin Rusiya ilə əməkdaşlığı məntiqlidir".
M.Rəhimov vurğulayıb ki, əgər Qərb öz müttəfiqini müdafiə üçün zəruri hərbi avadanlıqla təchiz etmirsə, Türkiyə başqa alternativ üzərində düşünməlidir:
"Türkiyə Rusiyadan sözügedən hərbi texnikanı almaq üçün təxminən 2.5 milyard dollar vəsait xərcləyib. Bu, kifayət qədər böyük vəsaitdir. Digər yandan, ABŞ-nin Türkiyəyə F-35 qırıcılarını verəcəyi barədə razılaşma yoxdur. Qərbi həm də narahat edən odur ki, Türkiyə S-400-ləri almaqla Rusiya iqtisadiyyatına böyük töhfə vermiş olacaq".