ABŞ-İran danışıqları iflasa yaxındır, müharibə riski artır - ŞƏRH

Abutalıb Səmədov: “Yaxın vaxtlarda hərbi zərbələr istisna edilmir"

ABŞ və İran arasında davam edən danışıqlarda müəyyən irəliləyişlərin olduğu açıqlansa da, tərəflər arasında əsas fikir ayrılıqları hələ də qalır. Vaşinqton İranın uranın zənginləşdirilməsi proqramından tam imtina etməsini və yüksək səviyyədə zənginləşdirilmiş uran ehtiyatlarının nəzarət altına alınmasını tələb edir. Tehran isə bunu özünün suveren hüququ hesab edir və geri addım atmaq niyyətində olmadığını göstərir. ABŞ dövlət katibi Marco Rubio “müəyyən irəliləyiş” ifadəsini işlətməklə diplomatik kanalın açıq qaldığını vurğulasa da, prosesin son dərəcə yavaş getdiyini etiraf edib.  Məhz bu səbəbdən ABŞ-İran qarşıdurması hazırda nə tammiqyaslı savaş mərhələsinə keçir, nə də tam diplomatik həllə yaxınlaşır. Tərəflər bir-birinə təzyiq siyasətini davam etdirərkən, nüvə proqramı, Hörmüz boğazına nəzarət və sanksiyalar məsələsi danışıqları dalana dirəyən əsas faktorlar olaraq qalır. Regionda hərbi eskalasiya riski hələ də yüksək qiymətləndirilir və Yaxın Şərqdə qeyri-müəyyənlik davam edir.

Politoloq Abutalıb Səmədov isə “Sherg.az"a açıqlamasında deyib ki, ABŞ və İran arasında aparılan danışıqlarda irəliləyişin olduğu deyilsə də, əslində ciddi fikir ayrılıqları qalmaqdadır:

"Məlumdur ki, ABŞ özünün 9 bənddən ibarət təklifini verib, buna cavab olaraq İran 14 bəndlik təkliflə çıxış edib. Sonra əlavə təkliflər ortaya qoyulub və bütün bunlar bir daha göstərir ki, İranla ABŞ-nin yanaşmaları arasında ciddi fərq var və ortaq məxrəcə gəlmək qeyri-mümkündür. ABŞ tələb edir ki, ilk növbədə İran 60% zənginləşdirilmiş uranı ona versin. İran isə yaxşı halda bunu Rusiyaya verə biləcəyini deyir. Yəni ABŞ uranın ölkə daxilində zənginləşdirilməməsini tələb edir, İran isə bu şərti qəbul etməyəcəyini bildirir. Qarşılıqlı olaraq İran tələb edir ki, həbs qoyulmuş aktivləri ona verilsin. ABŞ isə aktivlərin yalnız 25%-nin verilə biləcəyini deyir. Sanksiyaların götürülməsi məsələsində də fikir ayrılığı var. Demək olar ki, əksər məsələlərdə ortaq məxrəcə gəlmək qeyri-mümkündür və hər iki tərəf bu cür təkliflər verməklə kifayətlənmir. Mətbuat qarşısında bir-birini nüfuzdan salan bəyanatlarla çıxış edirlər. Və təbii ki, bu cür danışıqların hansısa nəticəyə gətirib çıxarması qeyri-mümkündür. İndi hələlik ayın sonuna kimi ABŞ prezidentinin gözləyəcəyi deyilir. Ancaq aydındır ki, bu vaxt ərzində də razılığa gəlmək mümkün olmayacaq və ABŞ əvvəlcədən vəd etdiyi aviazərbələri, raket zərbələrini endirəcək. Sadəcə olaraq burada bu zərbələri gözlənilmədən vurmaq istəyirlər ki, İran canlı qalxan düzəldə bilməsin və insanları həmin obyektlərin ətrafına toplamasın".

Analitikin sözlərinə görə, irəli sürülən şərtlər, verilən ultimatumlar onu göstərir ki, razılığa gəlmək yaxın vaxtlarda mümkün olmayacaq:

"Çin bu məsələdə İrana təsir göstərə bilərmi və göstərmək üçün addımlar atacaqmı -hadisələrin sonrakı inkişafı bu məsələdən də asılı olacaq. Əgər Çin aktiv şəkildə bu prosesə qoşulsa, İranı müəyyən qədər konstruktiv mövqe tutmağa məcbur edə bilər. Əks halda müharibənin davam etməsi qaçılmazdır və son nəticədə yalnız İranın ciddi güzəştlərə gedəcəyi halda sülh razılaşmasına gəlmək mümkün olacaq. Əgər İran güzəştə getmək istəməsə, hərbi əməliyyatlar hələ xeyli fasilələrlə davam edəcək".