ABŞ-İran qarşıdurması hələ bitməyib - RƏY

Tramp hakimiyyətinin bölgəyə göndərdiyi nüvə daşıyan gəmi həm də Çinə mesajdır

ABŞ Hərbi Dəniz Qüvvələrinin “Ohio” tipli nüvə sualtı gəmisi Cəbəllütariqə gəlib.

Bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin 6-cə Donanmasının mətbuat xidməti məlumat yayıb.

Açıqlamada deyilir: “ABŞ Hərbi Dəniz Qüvvələrinin ballistik raket sualtı gəmisi Cəbəllütariqə çatıb. Liman səfəri Amerikanın imkanlarını, çevikliyini və NATO müttəfiqlərimizə davamlı sadiqliyini nümayiş etdirir”.

Bildirilir ki, “Ohio” tipli sualtı gəmilər ABŞ-nin nüvə triadasının izlənilə bilməyən ballistik raket buraxılış platformalarıdır.

Qeyd edək ki,Pentaqon nüvə sualtı gəmilərinin yeri barədə məlumatları nadir hallarda açıqlayır, belə informasiyalar adətən məxfi saxlanılır. ABŞ Hərbi Dəniz Qüvvələrinin açıqlaması Prezident Donald Trampın İranın yeni sülh təklifini “qəbuledilməz” adlandırmasından bir neçə saat sonraya təsadüf edir.

Politoloq Sədrəddin Soltan Sherg.az-a bildirib ki, mayın 13-15 arasında ABŞ Prezidenti Donald Trampın Çinə səfərinin olacağı gözlənilir:

“ABŞ-nin bölgədə güclənməsi həm də müəyyən mənada Pekinə mesaj kimi qiymətləndirilir. Müxtəlif mənbələrin yaydığı xəbərlərə görə, Çin ABŞ-İsrail-İran qarşıdurmasında Tehran hakimiyyətini bütün istiqamətlərdə dəstəkləyir. Hətta ABŞ-nin regiondakı bazaları ilə bağlı bəzi informasiyaların İran İslam Respublikası rəhbərliyinə və onun qurumlarına Çin tərəfi vasitəsilə ötürüldüyü də bildirilir. Hesab edirəm ki, ABŞ hətta nüvə başlığı daşıyan gəminin regiona cəlb olunması ilə həm İran hakimiyyətinə, həm də onu dəstəkləyən Çinə və digər tərəflərə mesaj verir. Yəni bu addım çəkindiricilik addımı kimi qiymətləndirilir. Bundan başqa, nəzərə almaq lazımdır ki, ABŞ-İsrail və İran arasında silahlı qarşıdurma tam başa çatmayıb və bu istiqamətdə hər hansı rəsmi sülh müqaviləsi imzalanmayıb. Sadəcə, ABŞ atəşkəs elan edib və İsrail ilə İran da bu atəşkəsə razılıq verib. Beləliklə, ABŞ-nin regiona yeni hərbi güc cəlb etməsi perspektivdə onun mövqeyinin güclənməsinə və tərəflər arasında danışıqların təşviq olunmasına yönəlmiş bir təzyiq vasitəsi kimi qiymətləndirilir”.