ABŞ Rusiya və Ukraynaya üçtərəfli danışıqlara qayıtmağı təklif edib

ABŞ prezidentinin kürəkəni, Ukrayna münaqişəsinin nizamlanması üzrə amerikalı danışıqlar aparıcısı Cared Kuşner bildirib ki, Vaşinqton üçtərəfli danışıqlar formatına qayıdılacağına ümid edir.Sherg.az xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb.

“Biz danışıqları üçtərəfli formatda aparmağa daha çox üstünlük verirdik. O zaman tərəflər bir-biri ilə birbaşa danışırdılar. Bu, bizim Rusiyanın mövqeyini Ukraynaya, Ukraynanın mövqeyini isə Rusiyaya çatdırmağımızdan daha yaxşıdır. O zaman hamı bir-biri ilə rus dilində, çox mehriban şəkildə danışırdı”, - Kuşner danışıqlardan sonra jurnalistlərə bildirib.

O qeyd edib ki, Tramp ona Ukraynadakı münaqişənin nizamlanması ilə bağlı yeni təkliflər paketi hazırlamağı tapşırıb.

Ukrayna üzrə əvvəlki üçtərəfli danışıqlar raundu fevralın 17–18-də Cenevrədə keçirilib. Rusiya prezidentinin köməkçisi Vladimir Medinski Cenevrədəki son görüşü “çətin, lakin işgüzar” adlandırmışdı. Ağ Evdə danışıqlarda irəliləyiş olduğunu bildirmiş, Vladimir Zelenski isə nəticələri kifayət hesab etməmişdi.

Daha iki danışıqlar raundu 2026-cı ilin yanvar ayının sonu – fevral ayının əvvəlində Əbu-Dabidə keçirilib. Tərəflər bu görüşləri konstruktiv kimi qiymətləndiriblər. Üstəlik, ilk raunddan sonra ABŞ rəsmiləri Axios-a bildiriblər ki, Ukrayna və Rusiya liderlərinin görüşünə yaxınlaşma əldə olunub.

Lakin artıq 2026-cı ilin martında Zelenski üçtərəfli danışıqların ABŞ-ın İranla müharibəsi səbəbindən təxirə salındığını açıqlayıb.