ABŞ sualtı qayıqlarının texniki xidmətində gecikmələr 3,4 milyard dollar zərərə səbəb olub

ABŞ-ın “Virginia” və “Los Angeles” siniflərinə aid nüvə sualtı qayıqlarının texniki xidmətində uzunmüddətli gecikmələr 3,4 milyard dollar məbləğində zərərə səbəb olub.

Bu barədə ABŞ Konqresinin Baş Nəzarət İdarəsinin sənədlərinə istinadən TASS məlumat yayıb.

Sənədlərdə qeyd olunur ki, sualtı qayıqların texniki xidmətində onilliklər ərzində davam edən gecikmələr 15 min gündən çox istismar müddətinin itirilməsinə və təxminən 3,4 milyard dollar zərərə səbəb olub.

Bildirilib ki, istismardan çıxarılması planlaşdırılan sualtı qayıqların sayı artır, lakin gəmiqayırma zavodlarında bu prosesə başlamaq üçün kifayət qədər imkan yoxdur.

Hesabatlara görə, qarşıdakı beş il ərzində daha çox sualtı qayığın silahlanmadan çıxarılması tələb olunacaq və istismardan çıxarılma prosesindəki gecikmələr ABŞ Hərbi Dəniz Qüvvələrinə əlavə olaraq 3,1 milyard dollardan çox vəsaitə başa gələ bilər.