Krım-Donbas kifayət etmədi, indi də Ukraynanı ruslaşdırmaq planı var
ABŞ-nin Ukrayna ilə bağlı sülh sazişinin bəzi detalları məlum olub. "Reuters" yazıb ki, ABŞ-nin müharibəni bitirmək təklifləri Ukraynanın ərazidən, bəzi silahlardan imtina etməsini və Ukrayna Silahlı Qüvvələrinin sayının azaldılmasını əhatə edir. Agentlik qeyd edir ki, Vaşinqton Prezident Zelenskiyə aydın şəkildə bildirib ki, Ukrayna müharibəni bitirmək üçün ABŞ tərəfindən hazırlanmış çərçivə sənədini qəbul etməlidir. "Financial Times" qəzetinin mənbələrə istinadən verdiyi məlumata görə, müharibəni bitirmək üçün ABŞ-Rusiya planında daha iki məqam rus dilinə Ukraynada dövlət dili statusu verilməsi və Ukrayna Pravoslav Kilsəsinin (Moskva Patriarxlığı) rəsmi statusunun bərpasıdır. Nəşr qeyd edir ki, bu plan Putin üçün xeyli faydalıdır və Ukraynanın təslim olmasını təşviq edir. O qeyd edir ki, bu, Ukraynanın təslim olmasına bərabərdir. Millerin sözlərinə görə, plana həmçinin Ukrayna ordusunun yarıya endirilməsi, müəyyən silah növlərindən və Donbasdan imtina daxildir. "The Telegraph" da bildirib ki, Ağ Ev Ukrayna Prezidenti Volodimir Zelenskidən təklif olunan şərtlərlə razılaşmağı tələb edib. Bu qərarın Kiyevdəki “Enerqoatom” şirkətində baş verən korrupsiya qalmaqalından sonra Ukrayna rəhbərliyinin zəifləməsi fonunda qəbul olunduğu iddia edilir. Avropa İttifaqı isə Donaldın Trampın bədnam "sülh planına" qarşı çıxıb. Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas deyib ki, hər hansı razılaşmanın uğurlu olması üçün hem ukraynalıların, həm də avropalıların dəstəyi vacibdir: "Aydındır ki, istənilən planın işləməsi üçün ukraynalılar və avropalılar onun arxasında dayanmalıdır. Münaqişədə “bir aqressor və bir qurban var” və Rusiyanın geri çəkilməyə hazır olduğuna dair heç bir əlamət yoxdur. Əgər Rusiya həqiqətən sülh istəyirdisə, şərtsiz atəşkəsə çoxdan razılıq verə bilərdi. Amma bu gecə də mülki əhali bombalanır. Avropa İttifaqı ABŞ-nin hazırladığı plana cəlb edilməyib".
Politoloq Elçin Xalidbəyli Sherg.az-a açıqlamasında deyib ki, son vaxtlar ABŞ və Rusiya arxasında səhnəarxası məxfi danışıqların aparıldığı barədə xəbərlər mövcud idi. Ekspert vurğulayıb ki, artıq danışıqların ilkin nəticələri ortaya çıxmağa başlayıb:

"ABŞ faktiki olaraq Ukraynanı Rusiyaya güzəştə getmək niyyətinə düşüb. Ukrayna ərazilərinin Rusiyaya verilməsi, ordusunun zəiflədilməsi, sayının azaldılması, bəzi silah növlərindən imtina edilməsi Ağ Evin Kiyevi Moskva qarşısında müdafiəsiz qoymaq niyyətindən xəbər verir. ABŞ-nin Ukraynada rus dilinin "dövlət dili" statusu qazanması ilə bağlı tələbi qəbul etməsi də absurd, anlaşılmaz və yolverilməz yanaşma tərzidir. Ukrayna müstəqil dövlətdir və öz dövlət dili mövcuddur. Rus dilinin başqa bir müstəqil ölkədə "dövlət dili" kimi status qazanması beynəlxalq hüquq normalarına da ziddir. Ukrayna dövlətinin rus dilinə ehtiyacı yoxdur. Əgər "rus dili" Ukraynada "dövlət dili" kimi status qazanarsa, Ukrayna yaxın gələcəkdə "rus dövləti"nə çevrilmiş olacaq. Deməli, Rusiyanın Ukraynanı tamamilə işğal etmək niyyətləri var. İndiki şərtlər də buna xidmət edir".
Analitik hesab edir ki, rəsmi Kiyev bununla razılaşmaz:
"Ukraynadan gələn ilk reaksiyalarda vurğulanır ki, rus dili Ukraynada "dövlət dili" statusu qazanmayacaq. Bu, mümkün deyil. Eyni zamanda rəsmi Kiyev Ukraynanın heç bir ərazisini Rusiyaya vermək niyyətində olmadığını da açıqca bəyan edir. Ukrayna tərəfi ABŞ və Rusiya arasındakı anlaşmaların nəticələrini qətiyyən qəbul etmək fikrində deyil. Əgər bir ölkənin taleyi həll olunursa, danışıqlar prosesində Ukraynanın iştirakı mütləqdir. ABŞ və Rusiya Ukrayna olmadan bu ölkənin aqibətini müəyyənləşdirə bilməz. Hətta Ukraynanın taleyi həll olunursa, qonşu Avropa ölkələri də bu prosesdə iştirak etməlidir. Avropa Birliyi üçün müharibənin hansı şərtlərlə yekunlaşacağı böyük əhəmiyyət daşıyır. Avropada hesab edirlər ki, Ukrayna Rusiyanı qitədən qoruyan yeganə "bufer zona"dır. Əgər "bufer zona" Rusiyanın nəzarətinə keçərsə, Avropa məkanı Rusiya qarşısında müdafiəsiz qalacaq. Ona görə də ABŞ-Rusiya arasındakı budəfəki gizli anlaşma da iflasa uğraya bilər".