Ağ Evdə atışmada şübhəli bilinən şəxs saxlanıldı - YENİLƏNDİ

Vaşinqton polisi Ağ Ev yaxınlığında baş verən atışma ilə bağlı bir nəfəri şübhəli şəxs qismində saxlayıb.

Teleqraf xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanları "X" sosial şəbəkəsində məlumat yayıb.

“Məkan mühasirəyə alınıb. Bir şübhəli saxlanılıb”, - deyə məlumatda bildirilib.

ABŞ Prezidenti Donald Tramp açıqlamasında hücum edən şəxsin ağır yaralandığını deyib. Tramp "Truth Social" hesabında paylaşım edərək silahlı şəxsi “heyvan” adlandırıb və onun törətdiyi cinayətə görə “çox ağır bədəl ödəyəcəyini” bildirib.

Prezidentin sözlərinə görə, yaralanan Milli Qvardiya hərbçilərinin vəziyyəti ağır olaraq qiymətləndirilir və onlar xəstəxanada intensiv tibbi nəzarət altındadırlar.