Yunanıstan və İsrail Aralıq dənizinin şərqində Türkiyəyə qarşı birləşib. Bu, ABŞ-nin “Demokratiyaları Müdafiə Fondu”nun (FDD) hesabatında da yer alıb. Bildirilir ki, ABŞ-nin Aralıq dənizindəki əsas tərəfdaşlarından olan İsrail və Yunanıstan arasındakı əməkdaşlıq həm silah satışı, həm də hərbi təlimləri əhatə edir.
Teleqraf xəbər verir ki, bu barədə “HaberGlobal” Yunanıstan mənbələrinə istinadla məlumat yayıb.
Yunanıstan KİV Türkiyənin müdafiə sənayesində atdığı addımların Afinada narahatlıq yaratdığını yazır. Yunanıstanın 2025–2035-ci illəri əhatə edən 27 milyard dollarlıq hərbi modernizasiya planına diqqət çəkilir. Afinanın İsrail istehsalı 36 ədəd PULS artilleriya raket sistemi almaq üçün danışıqlar apardığı bildirilir.
Yunanıstanın həmçinin “Axilles qalxanı” adını verdiyi çoxqatlı hava hücumundan müdafiə sistemi üçün İsrail texnologiyalarını istədiyi qeyd edilir. Hesabatda ABŞ analitiklərinin Türkiyəyə qarşı İsrail və ABŞ-dən Yunanıstana ölümcül silah sistemlərinin satışına “yaşıl işıq” yandırılması tövsiyəsinə də yer verilir.
İki ölkənin 2021-ci ildə imzaladığı, dəyəri təxminən 1.65 milyard dollar olan müqavilə Yunanıstan Hərbi Hava Qüvvələri üçün təlim mərkəzinin yaradılmasını nəzərdə tutur. İsrail və Yunanıstan orduları əməkdaşlığı gücləndirmək məqsədilə noyabrın 5-də hava, 13-də isə dəniz təlimləri keçirib. Vaşinqton son bir ildə Yunanıstan hərbi obyektləri və limanlarından istifadənin genişləndirilməsi də daxil olmaqla, Aralıq dənizinin şərqində fəaliyyətini genişləndirib.
Egey dənizində Türkiyə balıqçı gəmilərinin Yunanıstan sahil mühafizəsi tərəfindən atəşə tutulması, Türkiyə F-16-ları ilə bağlı “hava məkanı” mübahisələri “Afinada gərginliyi artıran addımlar” kimi göstərilir. İsrailin F-35 döyüş təyyarələrinə sahib olduğu, Yunanıstanın da ABŞ-dən bu təyyarələri sifariş etdiyi vurğulanır.