Baxçalıdan təyyarə qəzası ilə bağlı açıqlama: Qara qutunun açılmasını səbirlə gözləyirik

“Bu ağrılı hadisənin arxasındakı sirr pərdəsi qalxacaq, tələb və gözləntimiz də budur”.

Teleqraf xəbər verir ki, bunu Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı deyib.

“Hərbi yük təyyarəmizin qəzaya uğramasından dərhal sonra edilən qərəzli şərhlərin yaxşı niyyətdən çox uzaq olduğu bəllidir. Dezinformasiya kampaniyasının hara qədər uzandığı göz önündədir. Rəsmi açıqlamanı gözləmək zəhmətinə belə qatlanmadan, oturduğu yerdən “mütəxəssislik” iddiası edənlər də ortadadır. Axtarış-xilasetmə işləri davam edərkən belə yalan danışanların insanlığından şübhə edilməlidir.

“Hərbi yük təyyarəmiz qəzaya uğradı, yoxsa vuruldu” sualının cavabı mütləq müəyyən ediləcək. Çətin və gərgin günləri dövlət və millət əleyhinə dedi-qodu siyasətinə çevirənlərin maskası endiriləcək”, - o bildirib.

Dövlət Baxçalı əlavə edib ki, qara qutunun deşifrə edilməsi ilə eyni vaxtda hazırlanacaq hesabatı səbirlə gözləyirlər:

“Təyyarənin necə və nə üçün düşdüyü məlum olacaq. Təyyarəmizə xarici müdaxilə ehtimalı araşdırılacaq. Belə bir vəziyyət varsa, günahkar müəyyən ediləcək. İşlərin nəticəsini səbirlə gözləmək lazımdır. Sui-qəsd nəzəriyyələrinə uymaq olmaz. Bu mövzuda edilən məqsədli şərhlər yaxşı niyyətdən xəbər vermir”.

Xatırladaq ki, noyabrın 11-də Türkiyəyə məxsus hərbi təyyarə Gürcüstanın Azərbaycanla dövlət sərhədindən təxminən 5 kilometr aralıda qəzaya uğrayıb. Təyyarə Azərbaycandan Türkiyəyə uçurdu.

Türkiyə Müdafiə Nazirliyi qəzaya uğrayan təyyarənin göyərtəsində 20 hərbçinin olduğunu açıqlayıb. Hadisənin baş vermə səbəbləri araşdırılır.