“Tramp qalib gəlir və o, İran məsələsində haqlıdır”

ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində “Newsmax” telekanalının “Tramp qalib gəlir və o, İran məsələsində haqlıdır” başlıqlı paylaşımını yenidən yayımlayıb.

Teleqraf xəbər verir ki, məqalədə Amerika liderinin İrana yönəlik sərt siyasəti təqdir edilib.

“Newsmax”da dərc olunan təhlilində Kristofer Rudi qeyd edib ki, çərşənbə axşamı keçirilən aralıq seçkilərində Respublikaçılar Partiyasının ağır məğlubiyyətə uğramasına baxmayaraq, Donald Trampın İranın nüvə proqramına qarşı mübarizə aparmaq qərarı cəsarətli və zəruri addım olub. Onun fikrincə, bu qərarı Respublikaçıların məğlubiyyətinin əsas səbəbi hesab etmək olmaz.

Təhlilçi ABŞ-nin İranla yalnız İsrailin maraqlarını təmin etmək üçün qarşıdurmaya getdiyi fikrini rədd edərək, dini ekstremizmdən qaynaqlanan təhdidlərin birbaşa ABŞ-nin təhlükəsizliyinə də yönəldiyini yazıb.

Rudi həmçinin xəbərdarlıq edib ki, bəzi yüksək vəzifəli şəxslərin bu həssas məqamda Trampın liderliyini şübhə altına alması ABŞ-nin milli təhlükəsizliyinə, eləcə də prezidentin ölkə daxilində və beynəlxalq arenadakı mövqeyinə zərər vura bilər.