Belarus Aİ ölkələrinə müraciət etdi

Belarus Avropa İttifaqına üzv olan qonşu ölkələri sərhəddəki əvvəlki iş rejiminin bərpasına çağırır.

Teleqraf xəbər verir ki, bu barədə Belarus Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, Belarus Baş naziri Aleksandr Turçin və Təhlükəsizlik Şurasının dövlət katibi Aleksandr Volfoviçin rəhbərliyi ilə sərhəd vəziyyətinə həsr olunmuş iclas keçirilib. Görüşdə XİN, Dövlət Sərhəd Komitəsi, Dövlət Gömrük Komitəsi və Dövlət Təhlükəsizliyi Komitəsinin rəhbərləri də iştirak ediblər.

Bildirilib ki, iclasda Belarus-Aİ sərhədində mövcud vəziyyət və gələcək perspektivlər ətraflı şəkildə müzakirə olunub.

Qeyd olunub ki, indiki durum nə Belarusun, nə də Avropa İttifaqının maraqlarına cavab verir.

"Belarus qonşu Avropa ölkələrini sadə vətəndaşların mənafeyi və transsərhəd əməkdaşlığın inkişafı naminə sərhədin əvvəlki iş rejiminin bərpasına ardıcıl şəkildə çağırır",- məlumatda vurğulanıb.