BMT: İnsanlar hər il 1 milyard tondan çox ərzaq atır

BMT-nin məlumatına görə, dünya əhalisi hər il 1 milyard tondan çox qidanı tullayır ki, bu da qlobal istixana qazı emissiyalarının 10 faizini təşkil edir.

Teleqraf xəbər verir ki, Braziliyanın Belem şəhərində keçirilən BMT-nin iqlim konfransında insanların və planetin iqlim böhranının təsirlərindən qorunması, ekoloji ədalətin möhkəmləndirilməsi və davamlı gələcəyin təmin edilməsinə yönəlmiş bir sıra mühüm təşəbbüslər təqdim olunub.

Xüsusilə, Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı (UNEP) və tərəfdaşlar bir sıra təşəbbüslər irəli sürüblər. Məqsəd 2030-cu ilə qədər qlobal qida tullantılarını iki dəfə azaltmaq, metan emissiyalarını 7 faiz azaltmaq və qlobal aclığa son qoymaqdır.

"Dünya hər il zəngin və kasıb ölkələrdə böyük miqdarda ərzaq israf edir. Qida tullantılarının azaldılması aclıqla mübarizə və metan emissiyalarının azaldılması üçün açardır", - UNEP rəhbəri İnger Andersen bildirib.

Qlobal Ətraf Mühit Fondu tərəfindən maliyyələşdirilən yeni proqram ərzaq tullantılarının və metan emissiyalarının azaldılması üçün milli strategiyaların hazırlanması, inkişaf etməkdə olan ölkələrdə sübut edilmiş həllərin uyğunlaşdırılması və genişləndirilməsi və bu sahədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi üçün ölkələrə və şəhərlərə dəstək verəcək.