Britaniya lideri Ukraynaya görə Trampa etiraz etdi

ABŞ Prezidenti Donald Trampın Rusiya-Ukrayna müharibəsinin dayandırılmasına dair ilkin planı Kiyev və London üçün qəbulolunmaz bir neçə maddə ehtiva edir.

Teleqraf xəbər verir ki, bu barədə Böyük Britaniya Baş naziri Kir Starmer bildirib.

“28 maddədən ibarət ilkin layihə qəbulolunmaz müddəaları ehtiva edir. Amma orada ədalətli və davamlı sülh üçün zəruri olan mühüm elementlər də var. Məsələn, ABŞ və tərəfdaşlarının təhlükəsizlik zəmanətləri kontekstində atacağı addımlar göstərilib. Bunlar çox əhəmiyyətli müddəalardır. Cenevrədə keçirilən müzakirələrdən sonra ABŞ və Ukrayna arasında irəliləyiş əldə olunub və sülh konsepsiyasına yeniliklər daxil edilib”, - hökumət başçısı vurğulayıb.

Kir Starmer əlavə edib ki, hazırda sülh planına dəyişikliyin edilməsi üzərində iş aparılır:

“Plan bu prinsiplərə əsaslanmalıdır: Ukraynanın suverenliyi təmin edilməli, Ukrayna gələcəkdə özünü müdafiə edə bilməlidir, Ukrayna və onun gələcəyi ilə bağlı məsələlər yalnız Ukrayna tərəfindən müəyyən olunmalıdır”.