Dünyanın ən böyük hava vasitəsi “Pathfinder 1” San-Fransisko səmasında görüntülənib. Təyyarə 124 metr uzunluğa və 20 metr enə malikdir.
Sherg.az xəbər verir ki, Google-un təsisçilərindən Sergey Brinin ortağı olduğu "LTA Research" şirkəti tərəfindən hazırlanan dünyanın ən böyük hava vasitəsi "Pathfinder 1", ABŞ-nin Kaliforniya ştatının San-Fransisko bölgəsi üzərində görüntülənib.
Helyumla havaya qalxan nəhəng hava gəmisi şəhər üzərində sınaq uçuşu həyata keçirib.
“N125LT” kimi də tanınan bu hava gəmisi 406,5 fut (təxminən 124 metr) uzunluğu və 66 fut (təxminən 20 metr) eni ilə dünyanın ən böyük hava gəmisidir.
"Pathfinder 1" şirkətin “sınaq uçuşu” adlandırdığı uçuş çərçivəsində yerli vaxtla saat 09:30 radələrində Mountain Viev şəhərindəki Moffett Federal Hava Bazasından havaya qalxıb. "FlightRadar24"ün məlumatına görə, günün ikinci yarısında körfəzinin cənub-şərq hissəsində havada qalıb.
Prototip hava gəmisi elektriklə işləyir. Helyum kimi təzyiqli qazla formasını qoruyan və daxili iskeleti olmayan klassik zeplinlərdən fərqli olaraq, sərt konstruksiyalı hava gəmisi xarici gövdə iskeleti üzərində qurulub.
"Pathfinder 1" 2023-cü ildə qapalı sahədə sərbəst uçuş həyata keçirib. Bu aparat mühəndislik baxımından əhəmiyyətli bir dönüş nöqtəsi hesab olunur.
May ayında hava gəmisi ilk dəfə San-Fransisko Körfəzi üzərində uçub. Daha sonra daha uzun uçuşlara və mürəkkəb manevrlərə icazə verən genişləndirilmiş uçuş yararlılığı sertifikatı alıb. Keçən ay isə komanda onu Golden Gate körpüsünün üzərindən uçurub.