Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və erməni diplomatlar Türkiyə ilə sərhəddə yerləşən “Axurik” keçid məntəqəsinə baş çəkiblər.
Sherg.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Ermənistan XİN rəhbərliyi və xaricdəki diplomatik xidmət orqanlarının rəhbərləri Ararat Mirzoyanın başçılığı ilə “Axurik” keçid məntəqəsi və Gümrü-Qars dəmir yolunun “Axuryan” stansiyasını ziyarət ediblər.
Səfər zamanı dəmir yolunun bərpası və istismara verilməsinin əhəmiyyəti, eləcə də bu istiqamətdə aparılan işlərin gedişi müzakirə olunub.
Qeyd edək ki, Azərbaycana və Türkiyəyə gedən dəmir yolu xətlərinin bəzi hissələrinin təmiri kontekstində Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistan dəmir yolunun Rusiya ilə bağlanmış konsessiya müqaviləsi məsələsini gündəmə gətirib. Söhbət Yerasxdan Naxçıvana qədər 1,6 kilometrlik və Axurik kəndindən Türkiyə sərhədinədək 12,4 kilometrlik dəmir yolu hissəsindən gedir.
Paşinyan 2026-cı ilin mayında Şirak vilayətindəki seçki kampaniyası zamanı Ermənistan hökumətinin bu dəmir yolu hissələrinin yenidən qurulmasını öz üzərinə götürəcəyini bildirib.
Daha sonra o, Rusiyaya Ermənistan dəmir yolunun idarə olunması məsələsinə yenidən baxmağı təklif edib və konsessiyanın dost ölkələrdən birinə – Qazaxıstana, BƏƏ-yə və ya Qətərə satıla biləcəyini açıqlayıb.
İrəvan Rusiya tərəfinin razılığı olduğu halda dəmir yollarının idarəçiliyinin Qazaxıstan şirkətinə verilməsinə etiraz etmədiyini bildirib. Rusiya nəqliyyat naziri Andrey Nikitin isə Rusiyanın konsessiyanın Qazaxıstana verilməsi ilə bağlı danışıqlar aparmadığını qeyd edib.