İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH)ABŞ-a məxsus hərbi gəmiyə hücum edildiyini açıqlayıb.
Sherg.az xəbər verir ki, bəyanata görə, ABŞ ordusuna aid LHA-7 tipli helikopterdaşıyan və desant gəmisi, göyərtəsində 5 mindən çox dənizçi və dəniz piyadası ilə birlikdə İranın hücumuna məruz qalıb. Bildirilir ki, hücumdan sonra gəmi Hind okeanının cənub istiqamətinə doğru geri çəkilməyə məcbur olub.
Korpus qeyd edib ki, bu əməliyyat “Doğru vəd 4” (Promise of Truth 4) adlı hərbi kampaniyanın 98-ci mərhələsi çərçivəsində həyata keçirilib. Hücum dalğası zamanı ABŞ və İsraillə əlaqəli digər hədəflərin də vurulduğu iddia olunur.
Məlumata əsasən, zərbələr BƏƏ-də pilotsuz uçuş aparatlarının yığılması üzrə birgə mərkəzə, eləcə də Küveytdə yerləşən ABŞ-ın Əli əs-Səlim aviabazasındakı hava vasitələrinə yönəldilib.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-dən etibarən İran ərazisindəki obyektlərə zərbələr endirir. Tehran isə buna cavab olaraq İsrailə və Yaxın Şərqdəki ABŞ hərbi obyektlərinə hücumlar həyata keçirdiyini bildirir.