- “YAP-la digər partiyalar arasında 600 dəfə fərq var”
Siyasi partiyaların fəaliyyətinin dövlət büdcəsindən maliyyələşdirilməsi və bu məqsədlə ayrılan vəsaitin artırılması məsələsi yenidən müzakirə mövzusuna çevrilib. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin 2027-ci il dövlət büdcəsi layihəsinə həsr olunan iclasında siyasi partiyalara ayrılan maliyyə vəsaitinin artırılması təklif edilib. Müzakirələr zamanı məsələyə münasibət bildirən maliyyə naziri Sahil Babayev hazırda bu istiqamətdə ayrılan vəsaitin bir neçə ildir dəyişməz qaldığını diqqətə çatdırıb. Nazir bildirib ki, müvafiq təkliflər formalaşdırılacağı təqdirdə, siyasi partiyalara dövlət büdcəsindən ayrılan vəsaitin artırılması məsələsi müzakirə oluna bilər.
AĞ Partiyanın sədri Tural Abbaslı Sherg.az-a söyləyib ki bilsək ki, bunun bir effekti olacaq təklif verə bilərik:
“Amma burada bir-iki məsələ var. Parlamentdə təmsil olunan partiyalar var, parlamentdə təmsil olunmayan partiyalar var. Seçkilərdə iştirak edib bəlli sayda səs qazanan partiyalar var, iştirak etməyən partiyalar var. Yəni, bunları kateqoriyalara bölüb maliyyə məsələlərini də buna uyğun tənzimləmək olar. Məsələn, Türkiyə və Rusiya nümunələri mövcuddur. Ümumiyyətlə, maliyyənin ayrılması mexanizmi bizdə yoxdur. Məsələn, Sahil Babayevdən soruşulsa ki, niyə məhz il ərzində partiyalara 6 milyon ayrılır, 1 milyon yox, bunun izahı yoxdur. Və yaxud da niyə 50 milyon ayrılmır, 6 milyon ayrılır? Bunun da izahı yoxdur. Səhv etmirəmsə, Rusiyada belədir: minimum əməkhaqqının, deyək ki, bir faizini seçicilərin ümumi sayına vururlar və ortaya çıxan məbləğ partiyalar üçün ümumilikdə ayrılan məbləğ olur. Bizdə də belə bir düstur formalaşdırıla bilər. Yəni, maliyyələşmə getdikcə, əgər minimum əməkhaqqı qalxarsa və seçicilərin sayı artarsa, ayrılan vəsait də buna müvafiq olaraq artar”.
Partiya sədri qeyd edib kiç ikinci metod isə partiyaların normal, funksional şəkildə fəaliyyət göstərməsi üçün lazım olan vəsaitin hesablanmasıdır:
“Məsələn, partiyaların əsas fəaliyyəti yerli bələdiyyə seçkilərində, parlament seçkilərində və prezident seçkilərində iştirak etməkdir. Yəni, onlar siyasi aktorlardır və hakimiyyətə gəlmək üçün seçkidən başqa yolları yoxdur. İndi gəlin baxaq, Azərbaycanda partiyalar inzibati-ərazi bölgüsünə uyğun fəaliyyət göstərməlidir. Məsələn, Azərbaycanda 72 rayon var. Hər rayonda partiyaların qərargahları, rayon şöbələri olmalıdır. Minimum 72 ofis olmalıdır. Hər seçki məntəqəsində müşahidəçi yerləşdirmək üçün təşkilati struktur qurulmalıdır. Məsələn, 5 mindən artıq, 6 minə yaxın seçki məntəqəsi var. İndi baxın, həmin məntəqələri də nəzərə alaq. 72 rayon təşkilatının normal fəaliyyət göstərməsi üçün bir büdcə hesablanmalıdır. Minimum olaraq ofisin kirayəsi, orada iki nəfərin işlə təmin olunması nəzərə alınmalıdır. Biri texniki işçi, digəri isə partiyanın fəaliyyətini təşkil edən əməkdaş ola bilər. İndi hesablayın, hər rayonda bir ofisin olması üçün bir şöbəyə minimum nə qədər vəsait lazımdır. Sonra həmin məbləği 72-yə vurun. Nəzərə alın ki, mərkəzi qərargahın xərcləri orta hesabla rayon təşkilatlarının xərclərindən 10 dəfə çox olur. Beləliklə, kifayət qədər böyük bir rəqəm ortaya çıxacaq. Aylıq xərcləri hesablayın, sonra da 12-yə vurun. Bu gün, parlamentdə təmsil olunmayan partiyaya topladığı səslərə görə verilən aylıq məbləğ 3 000 manatdır. Parlamentdə təmsil olunan partiyalar isə orta hesabla ayda 25 000 manat alırlar. Bu da normal partiya fəaliyyətini qurmaq üçün qətiyyən imkan vermir. Sizə bir rəqəm deyim: Yeni Azərbaycan Partiyasının illik büdcəsi 32 milyon manatdır. Yeni Azərbaycan Partiyasından sonra ən çox maliyyə alan partiya Vətəndaş Həmrəyliyi Partiyasıdır – 360 000 manat. Yəni, arada təxminən 60 dəfə fərq var. Bizimlə müqayisədə isə fərq ümumiyyətlə 600 dəfədir. Bu rəqəmlər ortadadır və onları hesablamaq da çətin deyil. Mən bilsəm ki, siyasi iradə var, həqiqətən partiyaların inkişafı üçün dövlət maliyyə ayırmaq istəyir, o zaman, təbii ki, biz bunu hesablayarıq, ölçərik, biçərik və layihəmizi təqdim edərik. Amma görünən odur ki, belə bir siyasi iradə və ya istək yoxdur”.