La-Manş boğazında 5 nəfərin olduğu gəmi kömək siqnalı verib

La-Manş boğazında göyərtəsində 5 nəfərin olduğu gəmi qəza vəziyyətinə düşüb və hadisə ilə bağlı xilasetmə əməliyyatına başlanılıb.

Teleqraf xəbər verir ki, bu barədə "Sky News" Böyük Britaniyanın Dəniz Təhlükəsizliyi və Sahil Mühafizəsi Agentliyinə istinadən məlumat yayıb.

Hadisənin Plimut şəhərindən təxminən 15 mil (24 kilometr) cənubda, Eddistoun mayakının yaxınlığında baş verdiyi bildirilir. Böyük Britaniyanın Dəniz Təhlükəsizliyi və Sahil Mühafizəsi Agentliyinə hadisə barədə şənbə günü axşam məlumat verilib.

Xilasetmə əməliyyatına sahil mühafizəsinin helikopteri, sabit qanadlı təyyarə və Kral Milli Su Xilasetmə Cəmiyyətinin qayıqları cəlb olunub.