Fransa Prezidenti Emmanuel Makron ABŞ-nin sülh planı çərçivəsində Ukrayna Silahlı Qüvvələrinin sayının azaldılmasına qarşı çıxıb.
Teleqraf xəbər verir ki, o, bu barədə RTL radiosuna verdiyi müsahibədə bildirib.
“Təhlükəsizliyin əsas zəmanəti Ukrayna ordusunun bərpasıdır. Ukraynanı qorumaq üçün, ilk növbədə, ona öz ordusu lazımdır. Cenevrədə son günlər (Kiyev və Vaşinqton arasında) aparılan bütün müzakirələr Ukrayna Silahlı Qüvvələrinin sayının məhdudlaşdırılmamasına həsr olunub”, - Fransa lideri qeyd edib.
Emmanuel Makron vurğulayıb ki, Rusiya Ukrayna ordusunun ixtisar edilməsi ideyasında israrlıdır:
“Bu, 2022-ci ilin yazında İstanbulda keçirilən danışıqlarda da özünü göstərmişdi. O zaman Rusiya deyirdi ki, Ukrayna ordusu 50-60 min nəfərdən artıq olmamalıdır”.
Prezidentin fikrincə, Ukrayna ordusunun sayına dair limit qoymağa ehtiyac yoxdur: “Avropanın səyləri Ukrayna ordusunun təlim, təchizat və qarşıdakı aylar və illərdə döyüş qabiliyyətinin artırılmasına yönəlib”.