Noyabrın sonunda Misirin ev sahibliyi ilə keçirilməsi planlaşdırılan Qəzza sektorunun bərpasına dair beynəlxalq konfrans bölgədəki vəziyyətə görə təxirə salınıb.
Teleqraf xəbər verir ki, bu barədə "Asharq al-Awsat" qəzeti misirli mənbəyə istinadən məlumat yayıb.
Mənbə bildirib ki, konfrans ayın sonunda planlaşdırıldığı kimi baş tutmayacaq və uyğun şərait formalaşdıqda keçiriləcək. Onun sözlərinə görə, bir çox ölkələr Qəzzada dağıntıların təkrarlanmayacağına dair təminat tələb edir, lakin İsrailin davam edən eskalasiyası fonunda bu cür təminatlar hələlik təqdim olunmayıb və yaxın zamanda da verilməsi gözlənilmir.
Həmçinin qeyd olunub ki, hazırda Qəzza sektorunun İsrail qüvvələrinin nəzarətində olan ərazilərində vəziyyətə dair paralel səylər göstərilir.