Somali sahillərində quldurlar tərəfindən ələ keçirilən, Türkiyəyə məxsus silah, hərbi rabitə və peyk avadanlığı daşıdığı iddia edilən "MV Lutuf" yük gəmisi Türkiyə və Somali qüvvələrinin birgə əməliyyatı nəticəsində xilas edilib.
Oxu.Az xəbər verir ki, bu barədə Türkiyə Sənaye Nazirliyinin "X" sosial şəbəkəsindəki hesabında məlumat yayılıb.
Kamerun bayrağı altında üzən gəmi avqustun 17-də Nugaal bölgəsinin sahillərində səkkiz silahlı şəxs tərəfindən ələ keçirilmişdi. Gəmidə biri türkiyəli, altısı hindistanlı, biri gürcü olmaqla ümumilikdə 10 ekipaj üzvü və iki təhlükəsizlik əməkdaşı olub.
Somali Müdafiə Nazirliyinin məlumatına görə, 10 gün davam edən birgə əməliyyat zamanı dörd quldur qayığı məhv edilib, 14 quldur öldürülüb. Qalan quldurlar gəmini tərk ediblər. Gəmi təhlükəsiz şəkildə hərəkətini davam etdirir.
Əməliyyat Türkiyə ilə Somali arasında müdafiə əməkdaşlığı haqqında saziş çərçivəsində həyata keçirilib.
