
Rusiyadan hədəf mesajı... -PUA-ların Polşa ərazisinə göndərilməsi təkcə “səhv” deyildi
16 dronun Belarusdan keçərək Polşaya yönəldilməsi dolayı yolla Belarusu münaqişəyə cəlb etmək anlamına gəlir
Rusiyanın sentyabrın 10-da Polşa ərazisinə 16 PUA göndərməsi ciddi rezonans yaradıb. Polşa Rusiyanın Ukraynada müxtəlif hədəflərə yönəlik həyata keçirdiyi hücumlar zamanı bütün dronların məhv edildiyini açıqlayıb. Varşava bu hərəkəti hücum aktı kimi qiymətləndirərək qonşu ölkədə baş verən münaqişəyə ilk dəfə açıq müdaxilə edib. Polşa Prezidenti Karol Navrotski ABŞ Prezidenti Donald Trampla ölkənin hava məkanını pozan pilotsuz təyyarə insidenti ilə bağlı telefon danışığı aparıb. O, bu barədə X sosial şəbəkəsindəki səhifəsində bildirib. Navoritski vurğulayıb ki, bu məsləhətləşmələr müttəfiqlərlə daha geniş danışıqların bir hissəsidir: "Bu söhbət mənim müttəfiqlərimizlə apardığım məsləhətləşmələr silsiləsinin bir hissəsidir". Almaniya kansleri Fridrix Merz deyib ki, Rusiya PUA-larının Polşa ərazisinə daxil olması NATO-nun Avropadakı hava hücumundan müdafiə sistemində ciddi problemləri ortaya çıxardı: "Əvvəla, qeyd etmək istərdim ki, Avropanın, NATO-nun hava hücumundan müdafiəsi bu qədər sayda pilotsuz təyyarənin vaxtında Polşa hava məkanına daxil olmasının qarşısını almaq üçün çalışdı, lakin lazım olduğu kimi deyil. Bu hadisə müttəfiqlər arasında müzakirə mövzusu olacaq. Bu, NATO-da, Avropa Birliyində də müzakirələrə səbəb olacaq".
Macarıstanın Baş naziri Viktor Orban vurğulayıb ki, Macarıstan baş verən son dron hadisəsindən sonra Polşayla tam həmrəylik göstərir. Polşanın ərazi bütövlüyünün pozulması qəbuledilməzdir: "Bu hadisə göstərir ki, Rusiya-Ukrayna müharibəsində sülh çağırışlarımız məntiqli və ağıllı siyasətdir. Müharibənin kölgəsində yaşamaq risklər və təhlükələrlə doludur. Artıq sona çatdırmağın vaxtıdır! Bu məqsədlə biz ABŞ Prezidenti Donald Trampın sülhün əldə olunması istiqamətində səylərini dəstəkləyirik". "Bild" nəşri yazıb ki, NATO Polşa hava məkanına daxil olan ucuz PUA-ları vurmaq üçün F-35 qırıcıları və bahalı raketlərdən istifadə edib, bu isə alyansa ən azı 1,2 milyon avroya başa gəlib. Nəşrin məlumatına görə, PUA-ların məhv edilməsi üçün üç ədəd AIM-9 “Sidevinder” tipli raket işə salınıb. Hər bir raketin qiyməti təxminən 400 min avro təşkil edir. Buna baxmayaraq, vurulan dronların hər birinin dəyəri cəmi bir neçə min avro olub. NATO-nun yüksək rütbəli nümayəndəsi etiraf edib ki, bu üsul qeyri-effektivdir və alyans daha qənaətcil alternativlər axtarır. Məqalədə qeyd olunur ki, NATO bu məsələdə Ukraynadan nümunə götürə bilər. Ukrayna dronlara qarşı mobil atəş qruplarından və xüsusi aşkarlama avadanlıqlarından istifadə edir. "Blumberq" isə Böyük Britaniyanın müdafiə naziri Con Hili hökumətin Polşanın hava hücumundan müdafiəsinə kömək etmək yolları axtardığını bildirib. Nəşrin məlumatına görə, Böyük Britaniya "Tayfun" qırıcılarını Polşaya göndərmək imkanını nəzərdən keçirir.
Millət vəkili Rasim Musabəyov bildirib ki, əgər söhbət bir-iki PUA-dan getsəydi, buna bəhanə gətirmək, səhvən baş verdiyini iddia etmək olardı. Ancaq deputatın sözlərinə görə, birbaşa 16 dronun Polşa ərazisinə göndərilməsi səhv yox, əzələ nümayişidir, müəyyən mənada hədədir:

"Ukraynanın bütün təminatı - silah, yanacaq və sursat daşıması ərazisindən keçir. Həmin istiqamətdə isə Rusiya öz PUA-larını göndərir. Dronların Belarusdan keçməsi dolayı yolla bu ölkənin də münaqişəyə cəlb edilməsi anlamına gəlir. Rusiya 2022-ci ildə Kiyevə hücumu Belarus ərazisindən həyata keçirmişdi. O baxımdan, çox təhlükəli addımdır. Ancaq səbəbi bəllidir. Səbəbi odur ki, Putinin Trampla görüşündə ona təkidlə demişdilər ki, atəşkəsə getmək lazımdır. Kreml rəhbərinin cavabı isə elə olmuşdu ki, Rusiya Ukraynanı öz şərtlərinə əməl etməklə sülhə məcbur buraxacaq. Yəni Putin atəşkəs təklifini rədd etmişdi. Amma Rusiya böyük itkilər versə də, Ukraynada irəliləyə bilmir. Rusiya bu gedişlə Ukraynanı sındırmağı bacarmayacaq. Atəşkəsə də ona görə getmir ki, işğal etdiyi əraziləri özündə saxlamağı bacarsa da, sanksiyalardan qurtula bilməyəcək. ABŞ yumşalsa belə, Avropa Birliyi sanksiyalardan vaz keçməyəcək".
Parlamentari qeyd edib ki, Rusiyanın nəzarətində qalacaq Ukrayna ərazilərinin hamısı darmadağındır:
"Rusiya bu ərazilərin bərpa prosesinə tələsməyəcək, çünki özündə saxlaya biləcəyinə əminliyi yoxdur. O səbəbdən Rusiya nə atəşkəsə gedir, nə də Kiyevi təslimçi sülhə məcbur edə bilir. Zelenski olmasa belə, Ukraynada elə bir lider tapılmaz ki, təslimçi sənədə imza atsın. Əgər kimsə imza atarsa, Ukraynada vətəndaş müharibəsi başlayacaq. Putinin də istədiyi odur ki, Ukrayna dağılsın, parçalansın, dövlət olaraq mövcud olmasın. Təbii ki, nə Kiyev, nə də Avropa buna imkan verəcək".