Rusiyanı həm cəbhədə, həm də sülh masasında ağır itkilər gözləyir - ŞƏRH

  • "Tramp vədlərini yerinə yetirsə, Moskvanın ümidləri puça çıxacaq"
  • "Rusiya həm döyüş meydanında, həm də diplomatik masada sıxışdırıla bilər"

ABŞ Prezidenti Donald Trampın G7 sammiti çərçivəsində irəli sürdüyü yeni təşəbbüs həm Ukrayna müharibəsinin gedişatı, həm də Yaxın Şərqdə təhlükəsizlik məsələləri ətrafında diqqət çəkən müzakirələrə səbəb olub. Vaşinqtonun Rusiyaya qarşı təzyiqləri artırmağa və Ukraynaya dəstəyi gücləndirməyə hazır olduğu barədə siqnallar verməsi Qərb paytaxtlarında müsbət qarşılanıb. Lakin Ağ Ev bu addımın qarşılığında Avropa ölkələrinin Hörmüz boğazının təhlükəsizliyinin təmin olunmasına və mümkün mina təmizləmə əməliyyatlarında iştirakına dəstək göstərməsini istəyir. Dünya enerji daşımalarının mühüm hissəsinin həyata keçirildiyi Hörmüz boğazı ətrafında yaranmış gərginlik fonunda Vaşinqtonun bu tələbi təsadüfi hesab edilmir. Müşahidəçilərin fikrincə, Tramp administrasiyası bir tərəfdən Rusiyaya qarşı daha sərt mövqe nümayiş etdirməyə, digər tərəfdən isə Yaxın Şərqdə ABŞ-nin maraqlarına uyğun beynəlxalq dəstək formalaşdırmağa çalışır. Bu isə Ukrayna məsələsi ilə regional təhlükəsizlik problemlərinin eyni siyasi platformada müzakirə olunmasına gətirib çıxarır. Avropa liderləri təşəbbüsə ehtiyatla yanaşsalar da, Rusiyanın enerji sektoruna qarşı yeni sanksiyaların tətbiqi və Moskva üzərində təzyiqlərin artırılması ideyasına dəstək verdiklərini gizlətmirlər. Beləliklə, G7 sammitində aparılan müzakirələr təkcə Ukrayna müharibəsinin deyil, həm də qlobal enerji təhlükəsizliyi və beynəlxalq münasibətlərin gələcək istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Politoloq Elçin Xalidbəyli Sherg.az-a söyləyib ki, Donald Trampın Rusiya ilə bağlı son açıqlaması Ukrayna müharibəsinin gələcək inkişaf istiqamətləri baxımından böyük əhəmiyyət daşıyır:

“Çünki ABŞ son vaxtlara qədər verilən bütün bəyanatlarda Ukraynanı hərbi cəhətdən dəstəkləməkdən imtina etdiyinə yönəlik eyhamlar vururdu. İndi isə belə anlaşılır ki, artıq bu mövqe 180 dərəcə dəyişməyə başlayıb və hansısa səbəbdən Ukraynaya dəstək verməyin mümkünlüyü qərarına gəlinib. Böyük ehtimalla, bu, Hörmüz boğazı ətrafında yaranmış situasiya ilə bağlıdır. ABŞ-nin Avropa ölkələrinin dəstəyinə böyük ehtiyacı hiss olunur. Görünür, Prezident Donald Tramp öz vərdişlərinə uyğun olaraq yenə də siyasi bazarlıq etmək niyyətinə düşüb. Əgər Avropa ölkələri Hörmüz boğazının minalardan təmizlənərək açılmasına dəstək verərlərsə, o zaman ABŞ qarşılıq olaraq Ukraynaya yardım edə bilər. Bu, siyasi bazarlıqdır. Təbii ki, ABŞ-nin öz maraqları mövcuddur və bu maraqlar üçün müxtəlif manevrlər edir. Buna region ölkələrinin, eləcə də İranın reaksiyası da böyük əhəmiyyət daşıyır. Çünki Fransa bu prosesə qoşulmaq üçün İranın və region ölkələrinin razılığını tələb edir. Belə anlaşılır ki, bu məsələ ABŞ və Avropa ölkələri arasında müəyyən müzakirələrə və mübahisələrə yol aça bilər.Əgər Avropa ölkələri və ABŞ arasında anlaşma əldə edilərsə, o zaman Rusiya üçün daha ağır bir mərhələnin başlanması ehtimalı da ön plana keçə bilər. Çünki Kremldə hələ də ümid edirlər ki, Tramp administrasiyası Ukrayna müharibəsinə münasibətdə Rusiyanı dəstəkləyir və dəstəkləyəcək. Nəticədə Rusiya Ukraynanın ərazilərinin əhəmiyyətli bir hissəsini öz sərhədlərinə qatmaq imkanı qazanaraq hərbi qələbə görüntüsü yaratmağa nail olacaq”.

Analitik qeyd edib ki, Tramp verdiyi vədlərə riayət edərsə və Rusiyaya enerji sektoru üzərindən təzyiqlərin gücləndirilməsinə qərar verərsə, o zaman Rusiyanın ABŞ-nin dəstəyinə olan ümidləri boşa çıxa bilər:

“Bu halda isə onsuz da müharibə meydanında mövqeləri zəifləyən və ciddi problemlərlə üzləşən Rusiya üçün daha ağır bir situasiya yarana bilər. Yəni Ukraynanın hücum və zərbə gücü artarsa, bu zaman Rusiyanın tab gətirmək imkanları məhdudlaşmış olar. Bu situasiyada isə Kremlin şərtlərindən kənara çıxan məzmunda bir sülh prosesi başlaya bilər. Belə vəziyətdə də Rusiyanın yalnız müharibə meydanında deyil, sülh masasında da ciddi itkilərə məruz qalma ehtimalı yarana bilər. Trampın son çıxışlarından sonra Ukrayna üçün müəyyən ümidverici situasiyanın yaranması ehtimalı qətiyyən istisna deyil”.