Simonyan: Ermənistan KTMT-dən çıxıb

“Ermənistan faktiki olaraq, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxıb”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan brifinqdə ölkəsinin KTMT-dən çıxması ehtimalı ilə bağlı suala cavabında bildirib.

“KTMT-dən çıxmaq anti-Rusiya olmaq deməkdir? Əgər hansısa quruma, məsələn, Jurnalistlər İttifaqına üzv olursunuz və həmin qurum öz öhdəliklərini yerinə yetirmirsə, siz də oradan çıxmaq istəyirsinizsə, indi bu o deməkdir ki, siz həmin ittifaqa qarşısınız?”, - spiker deyib.

Alen Simonyan bu halda Ermənistanın niyə KTMT-dən çıxmaması ilə bağlı sualı belə cavablandırıb:

“Faktiki olaraq, çıxmışıq. Qalan məsələlər isə bizim siyasi məqsədəuyğunluğumuz və danışıqlarımızla bağlıdır”.

Ermənistan xarici işlər nazirinin müavini Mnatsakən Səfəryan bundan öncə jurnalistlərlə söhbətində söyləmişdi ki, Ermənistan hazırkı mərhələdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxma məsələsini nəzərdən keçirmir.