Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu NATO baş katibi Mark Ruttenin Prezidenti Vladimir Putinin çıxışları ilə bağlı açıqlamalarını şərh edərkən, onların ziddiyyətli olduğunu bildirib.
Teleqraf xəbər verir ki, o, alyans rəhbərini saxtakarlıqda ittiham edib.
“Qərbin saxta siyasətçilərinin sözlərində heç bir ardıcıllıq yoxdur. Əgər cənab Rutte Rusiya Prezidentinin çıxışlarına qulaq asmırsa, niyə onlara bu qədər tez reaksiya verir?”, - Şoyqu deyib.
O vurğulayıb ki, hazırkı Avropa siyasətçiləri təkcə diplomatik bacarıqlarını yox, həm də nəzakət hissini tamamilə itiriblər. Şoyquya görə, belə münasibət Avropada siyasi mədəniyyətin tənəzzülündən xəbər verir.
NATO baş katibi bundan əvvəl Putinin son açıqlamalarına reaksiya verərək bildirmişdi ki, alyans Rusiyaya qarşı mövqeyini dəyişdirməyi düşünmür.