Tramp ABC və NBC telekanallarının lisenziyalarının ləğvini tələb etdi

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp onun seçki təhlükəsizliyi mövzusundakı çıxışını efirə verməyən televiziyaların lisenziyalarının ləğvi edilməsinin istəyir.

Tramp öz müraciətində bilavasitə ABC və NBC rəhbərliklərini hədəfə alaraq, bu kanalları seçki saxtakarlıqları barədə faktları ört-basdır etməkdə günahlandırıb.

Oxu.Az xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb.

"Feyk xəbərlər istehsal edən ABC və NBC bu müraciəti yayımlamayacaqlarını açıqladılar. Çünki mövzunun nə olacağını əvvəlcədən bilirdilər. Belə bir fırıldaqçı yanaşma həmin kanalların lisenziyalarının əlindən alınması ilə nəticələnməlidir", - deyə D.Tramp bildirib.

CNN və NBC telekanalları prezidentin çıxışının birbaşa yayımından imtina ediblər. O, çıxışında iddia edirdi ki, Çin 2018 və 2020-ci illərdə ABŞ-də seçkiyə müdaxilə etmək üçün milyonlarla seçici faylına qanunsuz yolla daxil olub. CBS və "Fox News" telekanalları çıxışı qismən efirə verib, NBC və ABC isə onu öz striminq platformalarında yayımlayıblar.

Mövcud qanunvericiliyə əsasən, ABŞ telekanalları dövlət başçısının praym-taym vaxtındakı müraciətlərini canlı yayımlamaq məcburiyyətində deyillər. Bildirilir ki, media qurumları tərəfindən oxşar addımlar əvvəllər də atılıb. Belə ki, 2014-cü ildə NBC, CBS və ABC kanalları Barak Obamanın immiqrasiya mövzusundakı nitqini görməzdən gəliblər, 2022-ci ildə isə bəzi kanallar Co Baydenin demokratiyaya yaranan təhlükələr barədəki müraciətini efirə verməkdən imtina ediblər.