Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman ABŞ Prezidenti Donald Trampın xahişi ilə İran cə Vaşinqton arasında vasitəçilik missiyasına başlayıb.
Teleqraf xəbər verir ki, bu barədə Livanın “Al-Akhbar” qəzeti məlumat yayıb.
Nəşr yazıb ki, Salman İranın nüvə proqramı və sanksiyaların ləğvi ilə bağlı fikir ayrılıqlarının həllini nəzərdə tutan yeni bir razılaşmaya nail olmaq məqsədilə İran-ABŞ danışıqlarının bərpası prosesini idarə edəcək.
Mənbələrin sözlərinə görə, Səudiyyə şahzadəsi İsrail Baş naziri Benyamin Netanyahunun yeni hərbi gərginlik yaratmaqla bu təşəbbüsü pozacağından narahat olduğunu ABŞ Prezidentinə bildirib.
Məlumata görə, bin Salman ötən həftə Ağ Evdə Trampla görüşdən sonra İranla əlaqə saxlayıb, Parisdə Riyad və Tehran rəsmiləri arasında yüksək səviyyəli görüşün keçirilməsi barədə razılığa gəlib. Bundan sonra Səudiyyə Ərəbistanının təşəbbüsü ilə İran və ABŞ rəsmiləri arasında qarşılıqlı təmasların davam etdirilməsi planlaşdırılıb.
Həmçinin qeyd edilib ki, Salman Vaşinqtona səfəri zamanı İran Prezidenti Məsud Pezeşkianın mesajını Trampa çatdırıb.