Tramp İsrailin ABŞ-də ictimai rəyə təsir göstərməyə çalışdığına dair iddialarla razılaşır

ABŞ Prezidenti Donald Tramp İsrail də daxil olmaqla bir neçə ölkənin Birləşmiş Ştatlarda ictimai rəyə təsir göstərməyə çalışdığı barədə qiymətləndirmələrlə razıdır.

Teleqraf xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolin Livitt brifinqdə bildirib.

"Düşünürəm ki, prezident xarici ölkələrin ABŞ-də ictimai rəyə təsir göstərmək istədiklərinə dair iddialarla razılaşar. Bu barədə heç bir şübhə yoxdur; bu, faktdır", - deyə Livitt ABŞ vitse-prezidenti J.D. Vensin məlum açıqlamasına cavab olaraq bildirib.

Daha əvvəl, amerikalı komediyaçı və televiziya aparıcısı Co Roqanın müəllifi olduğu podkastda danışan Vens İsrail hökumətində ABŞ-də ictimai rəyi manipulyasiya edən və müharibənin qeyri-müəyyən müddətə davam etməsi üçün onu dəyişdirməyə çalışan insanların olduğunu iddia etmişdi . O, bu İsrail liderlərinin potensial ABŞ-İran razılaşmasından məmnun olmadığını bildirmişdi.