ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı yeni sanksiyaların tətbiqinə imkan verən qanunu imzalayıb. Ağ Evdən bildirilib ki, tədbirlər avtomatik qüvvəyə minmir və onların tətbiqi prezidentin qərarından asılı olacaq.
Sherg.az xəbər verir ki, qanun Rusiyanın neft və qazının ən böyük alıcıları hesab olunan ölkələrdən ABŞ-a idxala 100 faizə qədər əlavə rüsum tətbiq etməyə imkan verir. Rusiya mənşəli məhsulların birbaşa ABŞ-a idxalına isə 500 faizə qədər rüsum nəzərdə tutulur.
Sənəd həmçinin ABŞ vətəndaşlarının Rusiyaya investisiyalarına məhdudiyyətlərin tətbiqini və ABŞ-dan Rusiyaya enerji resurslarının tədarükünün qadağan edilməsini nəzərdə tutur.
Qanunun əsas xüsusiyyətlərindən biri prezidentə ikinci dərəcəli rüsumların tətbiqi ilə bağlı geniş səlahiyyətlər verməsidir. Tramp onların müddətini və həcmini müəyyənləşdirə, eləcə də ayrı-ayrı ölkələri məhdudiyyətlərdən azad edə biləcək.
Sənəddə Ukraynada sülh sazişinin əldə olunması və hərbi əməliyyatların dayandırılması ilə bağlı müəyyən şərtlər yerinə yetirilərsə, sanksiya və rüsumların ləğv edilməsi imkanı da nəzərdə tutulur.