
Tramp və Putin dünyanı yenidən bölüşdürmək istəyir -ANALİZ
Qulamhüseyn Əlibəyli: “Ukrayna olmadan ərazi sövdələşməsi aparılır”
“Bu isə müharibənin davan etməsi deməkdir. Kollektiv Avropa da bu halda Ukraynanı müdafiə edəcək və ona yardım göstərəcək"
ABŞ Prezidenti Donald Tramp Alyaskada keçiriləcək sammitin nəticəsiz qalacağı təqdirdə Rusiyanı iqtisadi nəticələrlə hədələyib. Tramp Putinin müharibəni davam etdiyi təqdirdə, ciddi nəticələrlə üzləşəcəyini deyib. O, həmçinin Ukrayna üçün təhlükəsizlik təminatı haqqında danışarkən təhlükəsizlik qarantiyasının Avropa ölkələri ilə birgə təmin olunmasını dəstəklədiyini, lakin bu işin NATO bloku formasında təşkil edilməsinin əleyhinə olduğunu vurğulayıb. ABŞ lideri Rusiya və Ukrayna arasında ərazi mübadiləsinin müzakirəyə açıq olduğunu, lakin mübadilə ilə bağlı hər hansı bir qərarın Ukrayna tərəfindən veriləcəyini deyib. Ağ Ev Alyaskaya səfəri çərçivəsində ABŞ Prezidenti Donald Trampla birlikdə “Bir nömrə bort”da olan rəsmilərin siyahısını yayıb. Siyahıya dövlət katibi Marko Rubio, maliyyə naziri Skott Bessent, ticarət naziri Hovard Latnik, xüsusi nümayəndə Stiv Uitkoff, mətbuat katibi Kerolayn Levit və Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Retkliff daxildir. Məlumata görə, siyahıda vitse-prezident Cey Di Vens yer almayıb. Qeyd edək ki, Prezident Vladimir Putinin Alyaskaya səfərində onu müşayiət edən nümayəndə heyətinin tərkibi də açıqlanıb. Heyətdə xarici işlər naziri Sergey Lavrov, maliyyə naziri Anton Siluanov, müdafiə naziri Andrey Belousov, prezidentin köməkçiləri Yuri Uşakov və Kiril Dmitriev yer alır. Görüşdən əvvəl Ankoricin mərkəzi küçələrində etiraz aksiyaları keçirilib. Etirazçılar Ukrayna bayraqları və göy-sarı rənglərdə hazırlanmış plakatlar qaldıraraq Trampın Putinə güzəştə getməməsini tələb ediblər: "Mövzu Ukraynadır. ABŞ, ya da Rusiya deyil. Bundan əlavə, Rusiya Ukraynanı işğal edib və oradan çıxmalıdır. Burada danışıq mövzusu yoxdur. Zelenski nə etməlidir ki? O, sadəcə sərhədlərinin təsdiqlənməsini istəyir".
Politoloq Qulamhüseyn Əlibəyli Sherg.az-a deyib ki, görüş Ukrayna, Avropa Birliyi və Böyük Britaniyanın iştirakı olmadan keçirilir və buna görə onların narahatlıqlarını başa düşmək olar. Ekspert vurğulayıb ki, bu vaxta qədər hər 2 prezident telefonla bir neçə dəfə əlaqə saxlayıblar:

"Putin hər telefon danışığından sonra daha da aqressivləşərək Ukraynaya yeni hücumlar təşkil edib, daha çox ərazi işğal etməyə çalışıb. Həm də xatırlatmaq lazımdır ki, Putin Trampın birbaşa görüş təklifindən inadla imtina edirdi, lakin ABŞ-nin təzyiqlərindən sonra təklifi qəbul etməyə məcbur oldu. Bunu Ukraynaya təcavüzün yeni mərhələsi ərəfəsində məcburi manevr siyasəti kimi də dəyərləndirmək olar. Atəşkəs məsələsində Rusiyanın mövqeyi Ukraynanın maraqları ilə tam ziddiyyət təşkil edir. Ukrayna ilkin şərt olmadan uzunmüddətli atəşkəsə tərəfdardır. Rusiya isə Ukraynanın şərqində ərazilərini işğal etdiyi vilayətlərin öz ərazisi kimi tanınmasını və həmin vilayətlərin işğal olunmamış hissəsindən Ukrayna qoşunlarının çıxarılmasını atəşkəsin ilkin şərti kimi irəli sürür. ABŞ Prezidenti Tramp həm Ukraynanın, həm də Rusiyanın müəyyən ərazilərdən imtina etməsini Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün vacib hesab edir. Bu zaman Ukraynanın Rusiya tərəfindən işğal olunmuş Krım, Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərindən imtina etməsi, Rusiyanın isə Ukraynanın digər vilayətlərində işğal etdiyi kiçik ərazilərdən imtina etməsi nəzərdə tutulur. Tramp işğala məruz qalmış Ukraynanın iştirakı olmadan Ukraynanın əraziləri itkiləri hesabına işğalçı dövlətlə razılığa gəlmək istəyir".
Siyasi şərhçinin sözlərinə görə, Trampın Ukrayna ilə onun bütün ərazisində təbii sərvətlərin istismarı haqqında müqavilə bağlayaraq özünün və ABŞ-nin iqtisadi və kommersiya maraqlarını təmin etdiyini nəzərə alsaq, Ukraynanın iştirakı olmadan onun ərazilərinin ABŞ və Rusiya arasında bölüşdürülməsindən söhbət gedir:
"Avropa İttifaqının və Böyük Britaniyanın görüşdə iştiraka dəvət olunmaması Rusiya-Ukrayna müharibəsinə dair onlar arasında ciddi fikir ayrılığının olmasını göstərir. Bunu həm də Avropanın ABŞ-nin təsir dairəsində saxlanması kimi də yozmaq olar. Görünür, bunun qarşılığı kimi Rusiya bütövlükdə postsovet məkanını bəzi istisnalarla onun təsir dairəsində saxlanmasını tələb edəcək. Yəni faktiki olaraq Potsdam konfransından sonra formalaşmış dünya nizamının dəyişdirilməsi, dünyanın ABŞ və Rusiya arasında yenidən bölüşdürülməsi baş verir. Təbii ki, belə vəziyyət nə Ukraynanı, nə Avropanı, nə də postsovet dövlətlərini qane edir. İlk növbədə Ukraynanın Putinin və Trampın şərtləri ilə atəşkəsə razılaşması inandırıcı deyil. Bu isə müharibənin davan etməsi deməkdir. Kollektiv Avropa da bu halda Ukraynanı müdafiə edəcək və ona yardım göstərəcək".