Tramp Zelenski ilə görüş üçün ağır şərt qoydu

ABŞ dövlət katibi Marko Rubio Avropa ölkələrinə bildirib ki, Vaşinqton Ukraynaya təhlükəsizlik zəmanəti verilməzdən əvvəl sülh sazişinin imzalanmasını istəyir.

Teleqraf xəbər verir ki, bu barədə məlumatlı mənbələrə istinadla “Politico” yazıb.

Nəşrin mənbələrinin məlumatına görə, bu şərt ABŞ-nin son bir həftə ərzində Kiyevə təqdim etdiyi təkliflərdə də yer alıb. Rubio Avropa rəsmiləri ilə telefon danışığı zamanı deyib ki, ABŞ Prezidenti Donald Tramp Ukrayna üçün uzunmüddətli təhlükəsizlik zəmanətləri ilə bağlı danışıqlar aparacaq.

“Ukrayna liderləri Qərbin təhlükəsizlik zəmanətlərini Rusiya ilə mümkün razılaşmanın əsası kimi görürlər. Tramp isə saziş imzalanana qədər Ukrayna Prezidenti Volodimir Zelenskini Ağ Evə dəvət etməyəcəyini bildirib”, - nəşr qeyd edib.

Hazırda vəziyyət sürətlə dəyişir və Avropa ölkələri Donald Trampın administrasiyasından gələn çoxsaylı mesajları anlamağa çalışırlar.

Xatırladaq ki, ABŞ-nin Rusiya-Ukrayna müharibəsinin dayandırılmasına dair irəli sürdüyü 28 maddəlik sülh planı Kiyevdən Moskvanın xeyrinə ciddi güzəştləri ehtiva edir. Analitiklərə görə, bu, Ukraynanın kapitulyasiyası deməkdir.