Uitkoffun təklifi ukraynalıları özündən çıxardı - Görüş yarımçıq dayandırıldı

Oktyabrın 9-da ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffla Ukrayna Prezident Administrasiyasının rəhbəri Kirill Budanov arasında gərgin söhbət baş tutub.

Teleqraf xəbər verir ki, bu barədə Fransanın “Le Monde” qəzeti mənbələrə istinadla məlumat yayıb.

Nəşrin yazdığına görə, Ukrayna nümayəndəsi görüş boyu qəzəbini güclə cilovlayıb. O, Uitkoffun onunla uşaq kimi davrandığını və ona necə pul qazanmağı öyrətməyə çalışdığını düşünüb.

Uitkoff ABŞ Prezidenti Donald Trampın kürəkəni Cared Kuşnerlə birlikdə Budanova müharibədən sonrakı dövr üçün Ukrayna, Avropa və Rusiyanı əhatə edəcək genişmiqyaslı “regional rifah planı”nın cəlbedici perspektivlərindən danışıb. Plan Rusiya neft-qazının Ukrayna ərazisindən keçməklə Avropaya nəql olunduğu boru kəmərlərinin fəaliyyətinin tam bərpasını da nəzərdə tutur.

Uitkoffun fikrincə, plan həyata keçirilsəydi, Ukrayna bundan gəlir əldə edəcək, Avropada isə enerji daşıyıcılarının qiymətləri aşağı düşəcəkdi. Budanov bu təklifə emosional reaksiya verərək, Ukraynanın başqa prioritetlərinin olduğunu vurğulayıb.

“Bizim etalonumuz Belarus yox, Polşadır”, - Ukrayna rəsmisi bildirib.

Danışıqlar yarımçıq dayandırılıb. Fasilə zamanı Ukrayna Prezident Administrasiyasının rəhbəri dövlət başçısı Volodimir Zelenskiyə zəng edərək, bundan sonra necə davranmalı olduğu barədə məsləhət alıb.

Zelenski Budanova öz narazılığını büruzə verməməyi tövsiyə edib.

Danışıqlar bərpa edildikdən sonra Budanova ABŞ və Rusiya arasında dizel yanacağı ilə bağlı razılaşma barədə məlumat verən sənəd təqdim olunub. “Le Monde” qeyd edib ki, hiddətlənən Uitkoff Ukrayna nümayəndə heyətini bu razılaşmanı qəbul etməyə çağırıb.

ABŞ prezidentinin xüsusi nümayəndəsinin sözləri belə olub: “Dizel yanacağı ilə bağlı bu razılaşmanı qəbul edin və Rusiya neft emalı zavodlarına zərbələri dayandırın, siz dünyanı təhlükəyə atırsınız”.