Yaponiyada tərk edilmiş evləri süni intellekt tapır, demək olar ki, pulsuz satılır

Yaponiyanın artan boş mənzil problemi ilə mübarizə apardığı bir vaxtda, onlarla Yapon şirkətinin tərk edilmiş evləri müəyyən etmək üçün peyk görüntüləri və süni intellekti birlikdə istifadə etdiyi bildirilib.

Kyodo agentliyinin məlumatına görə, şirkətlər satıla biləcək vəziyyətdə olan boş evləri təyin etməyə çalışır.

Sherg.az xəbər verir ki, şirkətlərdən biri tərəfindən təqdim edilən xidmət minlərlə görüntü ilə təlimləndirilməsi sayəsində süni intellektin pas və rəng dəyişimi kimi xüsusiyyətləri analiz edərək köhnəlmiş dam örtüklərini aşkar etməsinə imkan verir. Tərk edilmiş görünən evlər peyk görüntülərində işarələnir.

Bu xidmətdən istifadə edənlərdən biri Kotaro Yasue yaxınlarda iki mərtəbəli taxta ev aşkar edib və daşınmaz əmlak reyestri vasitəsilə evin sahibi ilə əlaqə saxlayıb. O, evin on ildən çoxdur baxımsız qaldığını və sahibinin bu mülkdən necə qurtulacağını bilmədiyini öyrənib.

Gifu prefekturasının mərkəzində ev kirayəsi işi ilə məşğul olan Yasue, mülkü cəmi 1 yen qarşılığında satın almağa razılaşıb.

Yaponiyada tərk edilmiş evlərin sayı mütəmadi olaraq artır. Hökumət məlumatlarına əsasən, 2023-cü ildə ölkədə təxminən 9 milyon boş mənzil mövcud idi.

Where Inc. şirkətinin məlumatına görə, bu süni intellekt xidməti əvvəlcə Ay­dakı kraterləri analiz etmək üçün istifadə olunan və Yaponiyanın Aerokosmik Tədqiqat Agentliyinin (JAXA) törəmə müəssisəsi tərəfindən hazırlanmış texnologiya əsasında yaradılıb.

Bu texnologiya avtodayanacaq və ya günəş paneli quraşdırılması üçün uyğun torpaq sahələrinin müəyyən edilməsində də istifadə olunur.

2024-cü ildə xidmətin tam işə düşməsindən bu yana Tokio mərkəzli şirkət təxminən 50 korporativ müştəri qazanıb.

Şirkət nümayəndəsi bildirib: “Şirkətlərin istifadə olunmayan daşınmaz əmlakı effektiv şəkildə dəyərləndirməsinə kömək etmək istəyirik”.